Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "Cümhuriyyət dövründə ədəbiyyat və mətbuat mövzusunda dəyirmi masa keçirilib.

Unikal.org xəbər verir ki, Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov 2018-ci ilin ölkə prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunduğunu xatırladaraq 100 illik yubiley ilə əlaqədar həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda tədbirlər keçirildiyini sözlərinə əlavə edib.

Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, əməkdar jurnalist Qərənfil Quliyeva Cümhuriyyət dövründə mətbuatın yaranması, formalaşması və inkişafından söz açıb. Onun sözlərinə görə, Cümhuriyyət dönəmində ilk dəfə senzuranın ləğvi ilə cəmiyyət azad fikrin qələmin dadını hiss edib. Cümhuriyyət sözün qüdrətini, mətbuatın cəmiyyətdə rolunu və yerini mətbuata bəxş eləməklə oxucu ilə ünsiyyət yarada bilib.

Qərənfil Quliyeva qeyd edib ki, 1919-cu il oktyabrın 30-da mətbuat haqqında nizamnamə qəbul olunub ki, bu, Azərbaycan mətbuatının öz fəaliyyətini nizamlayan ilk hüquqi sənəd idi.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin dissertantı, Azərbaycan Dövlət Radiosunda "Gecə düşüncə verilişinin aparıcısı Nəcibə Bağırzadə Məhəmməd Əmin Rəsulzadənin Məhəmməd Əli ilə birgə milləti oyatmaq üçün çağırışlar etdiyindən söz açıb. O, Məhəmməd Əmin Rəsulzadənin bacısı Ümgülsümün yeganə istiqlal şairəsi olduğunu deyib. Nəcibə Bağırzadə böyük məhrumiyyətlər yaşayan Ümgülsümün İçərişəhərdəki evinin önündə xatirə lövhəsinin asılmasının zəruriliyindən danışıb.

AMEA-nın Nizami Gəncəvi adına Əədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Cavanşir Yusifli Cümhuriyyət dövrü ədəbiyyatının əsas istiqamətləri haqqında məlumat verib.

ADU-nun Azərbaycanşünaslıq ETL-ın elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, Cümhuriyyət dövründə bütün qanun və bəyənnamələrin milli dildə çapı barədə verilən qərar olduqca mütərəqqi idi.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla dəyirmi masanı yüksək qiymətləndirib. O, bildirib ki, Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası tərəfindən mütəmadi olaraq bu tip tədbirlər keçirlir və bu, tələbələrin maariflənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Rektor universitetdə fəaliyyət göstərən digər kafedra və laboratoriyalara da birgə tədbirlər keçirməyi tövsiyə edib.

Tədbir tələbələrin suallarının cavablandırılması ilə davam edib.