Azərbaycan Turizm və Menecment Universitetində "Turizm sənayesinin inkişaf etdirilməsi mövzusunda tədbir olub.
Unikal.org-un məlumatına görə, universitetin təşəbbüsü ilə keçirilən tədbirdə UNEC-Rus İqtisad məktəbinin direktoru dos. Mənsur Barxudarov, UNEC-Rus İqtisad məktəbinin direktor muavini i.ü.e.d., prof. Elşad Məmmədov, dos. Şəhla Hüseynova, dos., Natiq Qurbanov iştirak ediblər.
Azərbaycan Turizm və Menecment Universitetinin tədris işləri üzrə prorektoru İranə Əliyeva tədbir iştirakçılarını ali təhsil müəssisəsində görməkdən məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, qeyri neft sektorunun başlıca istiqamələrindən sayılan turizm sənayesinin inkişaf etdirilməsinə alim-mütəxəssis səviyyəsində elmi münasibət bildirilməsi məhz dövlət statuslu iki universitetin birgə əməkdaşlığına vəsilə ola bilər. Prorektor İ.Əliyeva qarşıdakı illərdə ATMU-UNEC-Rus İqtisad Məktəbi ilə adıçəkilən istiqamətdə fəaliyyətin səmərə verəcəyinə inandığını deyib. ATMU-da səmimi qarşılandıqları üçün təşəkkürünü bildirən dos. Mənsur Barxudarov rəhbərlik etdiyi UNEC Rus İqtisad Məktəbİnin fəaliyyəti, hədəfləri barədə ətraflı məlumat verib. Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və Qonaqpərvərlik fakultəsinin dekanı Bahadur Bilalov çıxışında turizm və iqtisadiyyat sahəsində nəzərdə tutulan layihələrin birgə işlənib hazırlanması təklifini irəli sürüb. Universitetin "Marketinq kafedrasının müdiri Elmira Qocayeva isə tədrisin təşkili prosesində müştərək müstəvidə distant təhsil metodunun əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb. Təklif olunan bu yenilikdən müəyyən saatlarda ATMU-UNEC-in müvafiq ixtisas tələbələrinin bəhrələnəcəyini qeyd edib. "Biznes idarəçiliyi" fakültəsinin dekanı Anar Mirzəyev ATMU-nun idarəetmə strukturu "Marketinq kafedrasının müəllimi Günel Teymurova müştərək layihələrin əhəmiyyəti, "Biznes idarəçiliyi" fakültəsinin dekan müavini İlahə Əliyeva isə ölkə əhəmiyyətlli tədbirlərdə tələbələrin fəal iştirakı barədə çıxış ediblər.