Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən "Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi (EQAC) layihəsi çərçivəsində təşkil olunmuş növbəti görüşdə iştirak ediblər.
Unikal.org xəbər verir ki, tədbirdə ATMU-nun Tədris işləri üzrə prorektoru İranə Əliyeva, universitet üzrə layihənin meneceri Flora Ələsgərova, Keyfiyyətin təminatı üzrə mütəxəssis Simnar Mamedov, dekan Sevda Vəzirova, dekan müavini İlahə Əliyeva, tyutorlar Sara Bağırlı, Mina Bağırova və tələbə Eldar Babayev iştirak ediblər.
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən EQAC layihəsi çərçivəsində koordinator universitetdə keçirilmiş görüşün məqsədi Avropa ekpertləri tərəfindən layihənin Azərbaycan üzrə tərəfdaş olan ali məktəblərin hazırladıqları ehtiyacların qiymətləndirilməsi haqqında hesabatlarının təhlili, nəticələrin, universitetlərdə keyfiyyətin təminatı ilə bağlı cari vəziyyətin, yekun hesabatların hazırlanmasının və s. müzakirəsi olub.
Avropanın 5 universitetinin, o cümlədən İspaniyanın Alikante Universitetinin, İngiltərənin Middlesex Universitetinin, Litvanın SMK Tətbiqi Elmlər Universitetinin və EKT Akkreditasiya Təşkilatının, İsveçin Kral Texnologiya İnstitutunun (KTH) və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycanın 11 tərəfdaş universitetinin nümayəndələrinin iştirakı ilə layihə haqqında geniş məlumatlandırma günü də keçirilib. Tədbirdə EQAC layihəsi haqqında ətraflı məlumat verilib, həmçinin Avropa ekspertlərinin iştirakı ilə Azərbaycan ali təhsil müəssisələrinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilən qrant proqramlarında iştirakı ilə bağlı problemlər və onların həlli yolları müzakirə olunub, tövsiyələr verilib.
Görüş çərçivəsində Avropa universitetlərinin nümayəndələri Azərbaycan universitetlərinin nümayindələri ilə müsahibələr aparıblar. Suallar əsasən tələbələrlə iş, məmnuniyyətin artırılması istiqamətində görülən işlər, bu sahədə Keyfiyyətin təminatı şöbəsinin rolu, müştəri yönümlülük, bütün maraqlı tərəflərin prosesə cəlb olunması, Avropa ali təhsil məkanında keyfiyyətın təminatı ilə bağlı standartlar və qaydalara əsaslanmanın vacibliyi və s. kimi mövzuları əhatə edib.
Görüşdə yaxın aylarda layihə üzrə həyata keçiriləcək fəaliyyət, ali məktəblərin görəcəkləri işlərlə bağlı söhbət aparılıb. Bununla yanaşı, Avropa ali təhsil məkanında keyfiyyətin təminatı üzrə standartlar və təlimatlara (ESG) əsaslanan tapşırıqlar verilib, qruplarla iş aparılıb, müvafiq bəndlər üzrə hazırlanmış təqdimatlar birgə müzakirə olunub.