Tanınmış vəkil qayda pozduğu üçün cərimələnib.

Unikal.org-un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın müxəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirici-profilaktik tədbir keçirilib.

Tədbir zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, həmçinin yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə rast gəlinib.

Məlumatda həmçinin qeyd olunur ki, reyd zamanı Binəqədi rayonu ərazisində "Toyota markalı avtomobilin sürücüsü Bəhruz Bayramov qayda pozuntusuna yol verdiyi üçün polislər tərəfindən ona "saxla işarəsi verilib. Sürücünün müayinə zamanı sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub. Sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində protokol tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Qeyd edək ki, B. Bayramov tanınmış vəkildir.

Vəkil B. Bayramov Open.az-a açıqlamasında bildirib ki, yol polisi onu avtomobili idarə edərkən deyil, yaşadığı məhlədə dayanmış vəziyyətdə saxlayıb: "Ailə üzvlərimdən birinin ad gününü restoranda qeyd etdik. Restorandan çıxarkən ayıq sürücü xidmətindən istifadə etmişəm. Əsas yoldan evimə gedən köməkçi yolda mağazaya düşdüm. Bu zaman ayıq sürücü getdi. Mağazadan çölə çıxan zaman polislər avtomobili sərxoş vəziyyətdə idarə etdiyimi dedilər. Onlara ayıq sürücü xidmətindən istifadə etdiyimi bildirsəm də, zorakılıq edib sənədlərimi aldılar. Artıq bununla bağlı Baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət ünvanlamışam. İnzibati qaydada cərimə ilə bağlı rayon məhkəməsinə müraciət etmişəm. Daxili İşlər Nazirliyinin mətbuat xidməti də mənim təqsirsizlik prezumpsiyamı kobud şəkildə pozub, bununla da bağlı şikayət edəcəm".