Bakıda reyd zamanı avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Binəqədi rayonunda ictimai asayişi pozan, piyadaların və digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücülər barəsində ölçü götürülməsi üçün vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında Binəqədi rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər davam etdirilir.
Sonuncu belə tədbir zamanı rayonun 6-cı mikrorayon ərazisində saxlanılan "Niva markalı avtomobilin sürücüsü Asiman Yusiflinin sənədləri yoxlanılan zaman onun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi məlum olub. Tədbir zamanı Biləcəri qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün saxlanılan "Ford markalı avtomobilin sürücüsü Ziya Hüsniyev də saxlanılıb. Yoxlama zamanı onun nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub. Avtomobilə Binəqədi rayon Dövlət Yol Polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman siqaret qutusunda gizlədilən sürücüyə məxsus narkotik vasitə qurudulmuş marixuana da aşkar olunaraq maddi sübut kimi götürülüb. Sürücü Z.Hüsniyev ilkin sorğu zamanı sükan arxasına narkotik vasitə qəbul etdikdən sonra əyləşdiyini etiraf edib. Onun barəsində toplanan material qərar qəbul edilməsi üçün Binəqədi rayon Polis idarəsinə göndərilib.
Tədbir zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər də aşkar edilib. Belə ki, yol hərəkəti qaydalarını pozduğu üçün Binəqədi qəsəbəsində saxlanılan "Mersedes markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etdiyi məlum olub.
Bundan əlavə, tədbir zamanı avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində protokol tərtib edildikdən sonra avtomobillər mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.
Kobud qayda pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilməklə bərabər, polislər tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Binəqədi, eləcə də paytaxtın digər rayonlarında analoji tədbirlər bundan sonra da davam etdiriləcək.