"Son 15 ildə kənd təsərrüfatı məhsullarının ixrac həcmi 6,3 dəfə, o cümlədən meyvə-tərəvəz məhsullarının ixracı 10,4 dəfə, cari ilin səkkiz ayında isə tərəvəz ixracı 8,4 faiz, meyvə ixracı 32,5 faiz və pambıq xammalı ixracı 2,2 dəfə artıb".
Unikal.org xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Xalq qəzeti"ndə çıxan məqaləsində qeyd edib.
Nazirin sözlərinə görə, ölkədə uğurla aparılan aqrar siyasət nəticəsində kənd təsərrüfatında əlverişli bazar şərtləri formalaşıb və biznes fəallığı xeyli yüksəlib:
"Bunlar özünü aqrar sektor da muzdla çalışan işçilərin sayının və investisiya qoyuluşunun həcminin artmasında da büruzə verib. Yerli istehsal üzrə potensialın güclənməsi və rəqabətqabiliyyətliliyin yüksəlməsi hesabına ölkədə ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi də əsaslı şəkildə artıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrlərdə ət və süd məhsulları üzrə bu göstərici 30-35 faiz olduğu halda, hazırda 90 faizə yaxındır. Bütün növ tərəvəz və meyvə ilə özünütəminetmə səviyyəsi 100 faizdən çoxdur. Ayrı-ayrı sahələr üzrə özünütəminetmə səviyyəsinin yerli istehsal hesabına artırılması, inkişaf və idarəetmə məsələlərinin daha çevik tənzimlənməsi, dövlət dəstəyini gücləndirməklə müvafiq sahələr üzrə proqram yanaşmasının tətbiq edilməsi və ünvanlı siyasət tədbirləri mexanizminin yaradılması məqsədilə dövlətimizin başçısının tapşırığına əsasən "Heyvandarlığın intensiv inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı, "Taxılçılığın inkişafına dair Dövlət Proqramı və "Toxumçuluğun inkişafına dair Dövlət Proqramının hazırlanması istiqamətində aparılan işlər yekun mərhələsindədir".
Bundan əvvəl nazir Cari ilin 9 ayında ölkədə kənd təsərrüfatı məhsulunun ümumi həcminin 4,3 faiz artdığını bildirib.