Oqtay Şirəliyev səhiyyəsinin yaratdığı acı sual
13:01 14-09-2012
İQTİSADİYYAT
Oqtay Şirəliyev səhiyyəsinin yaratdığı acı sual
Azərbaycanlıların müalicə üçün niyə xaricə getməsi barədə ilginc detallar "Unikal"da!
Azərbaycanda müalicə üçün xaricə üz tutanların sayı ilbəil artır. Maddi imkanı aşağı olanlar sağlamlığı İran, Türkiyə, Rusiya, son vaxtlar isə hətta Gürcüstanda aramağa başlayıblar.
Yaxşı maddi imkanı olanlar da sağlamlığını yerli səhiyyəyə yox, Avropa və ABŞ səhiyyəsinə etibar edirlər. Bir sözlə, səhiyyə naziri Oqtay Şirəliyevin və ümumilikdə Azərbaycan rəsmilərinin ölkədə səhiyyənin sürətli inkişafı barədə populist bəyanatları reallıqla heç cür örtüşmür. Bəs bunun səbəbi nədir? Niyə azərbaycanlılar öz sağlamlıqlarını "analoqsuz inkişaf edən" Azərbaycan səhiyyəsinə etibar etmirlər? Nədir Oqtay Şirəliyevin başında dayandığı Azərbaycan səhiyyəsinin bu acı suallarının cavabları?
Azərbaycanlıların çoxu
müalicə üçün İrana üz tutur
Adının çəkilməsini istəməyən tibb ekspertlərindən biri də ölkə səhiyyəsinə inamı azalanların sayının günbəgün artdığı fikri ilə razıdır və xüsusilə böyük hissəsi yoxsulluq şəraitində yaşay an sıravi vətəndaşlarımızın daha çox İran həkimlərinə ümid yeri kimi baxdıqları düşüncəsindədir: "İnsanlar daha çox iki səbəbdən İrana üz tuturlar. Birincisi, həkimlərə inanmırlar, ikincisi, İranda müalicə onlara daha ucuz başa gəlir
İranın Azərbaycandakı Konsulluğunun qarşısı bu ölkəyə müalicəyə getmək istəyənlərlə doludur. Hər halda, son bir ildə müalicə üçün İrana gedənlərin statistikasını aparan olsaydı, yəqin ki, ciddi bir rəqəmlə qarşılaşmış olardıq. Müalicə üçün bu ölkəni seçənlər də əslində elə ciddi xəstəliklərdən əziyyət çəkənlərdir. Müşahidələr göstərir ki, insanlar daha çox iki səbəbdən İrana üz tuturlar. Birincisi, həkimlərə inanmırlar, ikincisi, İranda müalicə onlara daha ucuz başa gəlir".
Sadə insanlar yerli
tibb müəssisələrinə
inamını necə itirir?
Azərbay canda səhiyyə müəssisələrinin və orada çalışanların rüşvət içində boğulduğunu deyənlər sadə vətəndaşlarımız da müalicə üçün xaricə getməkdən başqa əlaclarının olmadığını deyir. 58 yaşlı Əziz Balayevin sözlərinə görə, o, bir müddət əvvəl İranda müayinə və müalicə edilib: "Buna bütün xərclərlə bir yerdə cəmi 400 manat pulum çıxdı. Halbuki ilyarım Bakıda dövlət xəstəxanalarında sürünmüşəm, üst-üstə 1000 manatdan çox xərcim çıxıb, nəticə də olmayıb.
Özəl xəstəxanalar isə elə bil, Aydan gəliblər, elə qiymətlər qoyublar ki... Bəyəm xəbərləri yoxdur bu camaat necə yaşayır?"
Başqa bir həmsöhbətimiz - İradə Cəlilova isə keçirdiyi əməliyyata Azərbaycanda 2000 dollar pul xərclədiyini deyir: "Üstəlik, diaqnozu da səhv qoymuşdular. Dedilər ki, xərçəngsən. İranda isə bu diaqnoza güldülər. Mən bilirəm ki, Azərbaycanda bu cür aqibətlə qarşılaşan onlarla insan var. Müalicə üçün İranı seçməkdə birinci səbəb odur ki, qiymətlər ucuzdur, ikinci də odur ki, peşəkarlıq yüksəkdir, doğru diaqnoz qoyurlar, müalicənin nəticəsi olur. Deyirlər, Azərbaycan inkişaf edir. Hanı inkişaf? Bəs biz niyə İranın, başqa ölkələrin ümidinə qalmışıq?"
Rəsmilər hələ də təkzib edir
Hökumətdəkilər isə Azərbaycan səhiyyəsinin acınacaqlı durumu və vətəndaşların başqa ölkələrin tibb müəssisələrinin və mütəxəssislərinin ümidinə qalması fikri ilə razı deyillər. Onlar həmişə və hər məsələdə olduğu kimi yenə təkzib yolunu seçir və "hər şeyin qaydasında olduğunu" iddia etməklə (bəli, məhz iddia etməklə, əsaslandırmaqla yox!") məşğul olurlar.
Məsələn, bir müddət əvvəl Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bu mövzuda danışarkən demişdi: "Son illər dünyada geniş yayılmış "xəstə turizmi" deyilən dəbə düşmüş proses var. Ona görə də, bir ölkədən digərinə müalicə üçün gedənlərin sayı çoxdur. Amma bu o demək deyil ki, Azərbaycanda səhiyyə sahəsi inkişaf etməyib".
Ə. Əmiraslanov Azərbaycanda mütəxəssis olmaması barədə fikirləri də yanlış adlandırmışdı: "Kiminsə imkanı böyükdür və müalicə üçün xaricə gedirsə, onun qarşısını ala bilmərik. Hətta onu deyim ki, başqa ölkələrdə əməliyyat olunmuş xəstələrdə xarici mütəxəssislərin buraxdığı səhvləri tez-tez görürük. O səhvləri düzəltdiyimizə dair o qədər misal gətirə bilərəm ki. Bu, həkim sirri olduğu üçün açmaq istəmirik, amma xüsusilə qonşu ölkələrdə elə səhvlər edirlər ki, bu da insana həyatı bahasına başa gəlir".
Optimizmə əsas yoxdur!
Müstəqil ekspertlər isə hesab edir ki, rəsmilərin bu cür optimizminə ehtiyac yoxdur, çünki Azərbaycan səhiyyəsinin adı ətrafında həm bir tərəfdən ciddi korrupsiya və rüşvət şübhəsi formalaşıb, həm də vətəndaşlar ona olan güvənini itirib. Onların fikrincə, yaraşıqlı xəstəxana binaları və bahalı tibbi avadanlıqlar almaq daha çox görüntü xarakteri daşıyır, müayinə və müalicə, tibbi xidmət baxımından isə vəziyyət inanılmaz dərəcədə acınacaqlıdır. Məsələn, müasir tibbi avadanlıqlar alınır, amma onları idarə edən peşəkarlar azdır və ya yoxdursa, bunun hansı əhəmiyyəti qalır?
Müstəqil ekspertlərin ümumi qənaətinə görə, Azərbaycanda insanların səhiyyəyə inamını gücləndirmək üçün mütləq icbari tibbi sığorta tətbiq olunmalıdır. Daha doğrusu bu mexanizmin şəffaf işləyəcəyi təqdirdə, ehtimal olunur ki, xaricə üz tutanların sayı kəskin azalacaq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00