İyun ayının 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vergilər Nazirliyinin və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının təşkilatçılığı ilə «Vergilər uşaqların gözü ilə» adlı 14-cü ənənəvi rəsm və inşa yazısı müsabiqəsinə yekun vurulub. Tədbiri Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova açaraq müsabiqənin əhəmiyyəti barədə danışıb və bildirib ki, hər il bu ərəfədə "Vergilər uşaqların gözü ilə" devizi altında baş tutan rəsm və inşa müsabiqəsində 5-8, 9-12 və 13-17 yaş kateqoriyalarına aid olan məktəblilər iştirak edir və vergilər barədə aldıqları bilikləri kağız üzərinə köçürürlər.
Analitik-informasiya şöbəsindən unikal.org-a verilən xəbərə görə, tədbirdə çıxış edən Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Mahir Rəfiyev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd vergilər haqqında anlayış və bilikləri uşaqların başa düşəcəyi təsvirlər vasitəsilə gələcəyin vergi ödəyiciləri olan gənclərə çatdırmaqdan ibarətdir. Onun sözlərinə görə, hər il müsabiqədə iştirak etmiş rəsm əsərləri albom şəklində nəşr olunur və Vergilər Nazirliyinin qatıldığı sərgi və tədbirlərdə nümayiş etdirilir. Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda Nazirliyin inzibati binasının divarlarını bəzəyir və bu ilki müsabiqəyə təqdim edilmiş əsərlərin ən yaxşılarından da bu məqsədlə istifadə ediləcəkdir.
Qeyd edilib ki, müsabiqəyə təqdim olunmuş əsərlərdə əks etdirilən vergilərlə bağlı süjetlər gənc nəsildə vergi biliklərinin və bütünlükdə vergi mədəniyyətinin formalaşmasına xidmət edir.
Rəsm müsabiqəsi çərçivəsində asfalt üzərində rəsmlər də maraqla qarşılanıb.
Bu ilki müsabiqə 2016-cı ilin aprel ayından start götürüb, 250-dən çox rəsm nümunəsi və inşalar münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər müəyyən olunub. Onlara diplom və hədiyyələr təqdim olunub.