Dekabrın 11-də Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib.

Unikal.org AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazirin müavini, komissiyanın sədri Əli Həsənovun yanında keçirilən iclasda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri müzakirələr aparıblar.

Baş nazirin müavini bildirib ki, əhalinin siyahıya alınması Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” Fərmana uyğun aparılır. Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli qərarı ilə yaradılan komissiyanın bugünkü iclasının keçirilməsində əsas məqsəd siyahıyaalma prosesini ciddi müzakirə etmək və prosesi sürətləndirməkdən ibarətdir. Hər 10 ildən bir baş tutan əhalinin siyahıya alınması növbəti dəfə 2019-cu ilin oktyabr ayında keçiriləcək.

Hazırlıq prosesinə 43 min insanın cəlb olunduğunu deyən Baş nazirin müavini qeyd edib ki, sorğu vərəqələri artıq hazırlanıb. Əhalinin sayına uyğun vərəqələr hazırdır. 28 bənddən ibarət sorğuda 180 göstərici yer alıb. Əhalinin bu sorğulara tam, dolğun cavab verməsi mühüm əhəmiyyət kəsb edir.

İclasda vurğulanıb ki, bu prosesin əhaliyə geniş şəkildə çatdırılması üçün KİV-lərin üzərinə böyük vəzifə düşür.

Sonra Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verib.

Daha sonra maraq doğuran məsələlər təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.