"Mən 23 ildir ki, işsizəm. Bu müddət bir insan ömrünə bərabərdir. Boş qalmağımın da səbəbi səbəbsizlikdir. Mən nə dövlətə, nə də xalqıma xəyanət etməmişəm. Əksinə, həm dövlətçiliyə, həm də xalqıma vicdanla qulluq etmişəm. Hansı sahədə işləməyimdən asılı olmayaraq, mən heç zaman ədalətsiz qərar qəbul etməmişəm. Az öncə dediyim ki, 23 ildir işsizəm, evdə otururam, televiziyalara baxıram, mətbuatı izləyirəm".
Unikal.org xəbər verir ki, bunu publika.az-a keçmiş baş prokuror Əli Ömərov bildirib.
"Siz mənimlə bərabər hakimiyyətə gələnlərə nəzər salın və onların aqibətinə baxın. Onların əksəriyyəti həbsxanalara düşdü, ölkədən qaçdı, öldü və sairə. Amma mən bu gün sağ-salamat öz Vətənimdə və xalqımın içərisində yaşayıram. Allaha şükürlər olsun ki, bu gün hörmətim də əvvəlki səviyyədə qalır. Yəni, bu gün məni kim görürsə, yenə də ədalətli baş prokuror kimi hörmətimi saxlayır, mənə müraciət edir, ən azı hansısa rayona gedəndə hamı deyir ki, Əli müəllim gəl bir stəkan çay içək və sairə. Bu mənim üçün böyük var-dövlətdir. Bəzən məni qınayırlar ki, sən o boyda baş prokuror işləmisən. O zaman da hamı "qazanırdı". Sənin isə nə villan, nə bahalı avtomobilin və ya milyonların yoxdur. Mən isə onlara deyirəm ki, buna görə məni qınamayın. Ataların gözəl məsəli var: neynirəm ki, o qızıl teşti, içərisinə qan qusum. Mənə yalnız insanların hörməti lazımdır. Əgər bu gün mən respublikada hörmətlə qarşılanıramsa, hər kəs mənim salamımı alırsa və mənə salam verirsə, ən böyük var-dövlət onu hesab edirəm.
Elə adamlar var ki, xalqın qanı bahasına milyonlar toplayıblar, həmin pulları xarici ölkələrdə saxlayırlar. Ancaq bu adamlar sabah xalqın üzünə düz baxa biləcəklərmi? Xalqın içərisində sərbəst hərəkət edə biləcəklərmi? Cavabını özüm verirəm ki, yox. Çünki Azərbaycan xalqı müdrikdir, bu xalq hər kəsin yaxşılığını və pisliyini gözəl bilir, bunu yadında saxlayır. Biz o qədər də unutqan xalq deyilik".
Cənab Ömərov bildirib ki, mən Azərbaycan tarixində yeganə baş prokuroram ki, hakimiyyətdə olan, yəni Prezidentin qərarı ilə təyin olunan iki nazirə qarşı cinayət işi başlatmışam: "Siz bunu mətbuatdan da oxumusunuz ki, mən keçmiş daxili işlər naziri Vaqif Novruzova və keçmiş müdafiə naziri Məmmədrəfi Məmmədova törətdikləri cinayət əməllərinə görə cinayət işi açmışam. Hətta, rəhmətlik Heydər Əliyev mənə deyirdi ki, axı bunlar mənim fərmanımla vəzifəyə təyin olunublar. Dedim ki, cənab Prezident bunların törətdiyi əməllər böyük cinayət əməlləridir və ortada şikayətçi mövcuddur. Ona görə də mütləq cinayət işi açılmalıdır. Buna görə də Heydər Əliyev Vaqif Novruzovu vaxtından əvvəl vəzifədən azad etdi. Ancaq Məmmədrəfi Məmmədov barəsində açılan cinayət işinin sorağını ala bilmədim. Çünki mən həmin ərəfədə istefaya getdim. Ona görə də bilmədim ki, o cinayət işi qeydiyyata alınıb, ya yox. Bu məsələ bu gün də mənə qaranlıqdır.
Onu da deyim ki, Məmmədrəfi Məmmədova korrupsiya əməlinə görə cinayət işi açılmışdı. O vaxtı Məmmədrəfi Məmmədov Rusiyada olan bağ evinin həyətini şumlamaq üçün 6 tonluq traktoru təyyarə ilə bu ölkəyə aparmışdı və heç bir gömrük rüsumu ödəməmişdi. Mən ona bu əməlinə görə cinayət işi açmışdım".