Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Azadİnform" İnformasiya Agentliyi və "Qanunsuz Parklamalara Qarşı Mübarizə" İctimai Hərəkatının "Paytaxt yollarında təhlükəsizlik" adı altında təşkil etdiyi müsabiqəyə yekun vurulub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin texniki dəstəyilə keçirilən layihə çərçivəsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxt yollarında nəqliyyat vasitələrini parklama və saxlama qaydalarını pozan sürücülərə qarşı kütləvi reydlər keçirilib.
Tədbiri giriş sözü ilə açan "Azadİnform" İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev sözügedən problemin hazırda bütün gündəmi zəbt etdiyini bildirib.
"Avtomobillərin harada və necə gəldi parklanması vətəndaşlarımızın həyatı üçün əsl təhlükədir. Piyadalar üçün nəzərdə tutulmuş yerlərdə avtomobil park edən sürücülər onları yolun hərəkət olan hissəsi ilə irəliləməyə məcbur edirlər ki, bu da öz növbəsində böyük faciələrə gətirib çıxarır. Deməli, bu problemi biz özümüz süni şəkildə yaradırıq. İstəsək, belə xoşagəlməz hallardan qaça bilərik. Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yollarda təhlükəsizliyin təmin edilməsi üçün hər cür şərait yaradılıb. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları da bu istiqamətdə fəallıq göstərirlər. Şəhərin, demək olar ki, bir çox küçələrində parkomatlar quraşdırılıb. Yeraltı və yerüstü avtomobil dayanacaqları müasir standartlara cavab verir" - deyə N.Niftiyev qeyd edib.
Tədbirdə çıxış edən "Qanunsuz Parklamalara Qarşı Mübarizə" İctimai Hərəkatının rəhbəri İskəndər Quliyev də öz növbəsində bu sahədə son vaxtlar köklü dəyişikliklərin aparıldığını deyib: "Son illərdə ölkəmizdə bir çox sahələrdə böyük islahatlar həyata keçirilməkdədir. Bu məqamda yol infrastrukturundakı yenilikləri qeyd etməmək haqsızlıq olar. Ölkəmizdə hər il yüz kilometrlərlə yeni yollar çəkilir, köhnə yollar müasir örtüklə örtülür, müasir standartlara cavab verən körpülər, avtomobil dayanacaqları inşa edilir. Bütün bunlar vətəndaşlarımızın rahatlığı, rifahı üçün edilir. Təəssüf ki, dövlətin bizim üçün yaratdığı bu gözəl şərait qarşılığında bəziləri üzərilərinə düşən kiçik vəzifələri yerinə yetirmək istəmirlər. Hamımıza yaxşı məlumdur ki, paytaxtda şəxsi avtomobillərin sayı həddən artıq çoxdur. Buna baxmayaraq, dövlət qurumlarının əməkdaşları sözügedən sahədə nizam-intizamın pozulmaması, mövcud problemlərin aradan qaldırılması üçün əllərindən gələni edirlər. Bunun qarşılığında sürücülərdən tələb olunan yeganə şərt mədəniyyətdir".
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis-polkovniki Vaqif Əsədov keçirilən bu cür tədbirlərin öz müsbət nəticəsini verdiyini bildirib: "Bu cür layihələrlə bağlı ən gözəl məqamlardan biri maarifləndirmə işində yol polisi əməkdaşları ilə yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etməsidir. Bu işdə "Azadİnform" İnformasiya Agentliyi ilə "Qanunsuz parklamalara qarşı mübarizə" İctimai Hərəkatı da yaxından kömək edir. Buna görə də onların təşkil etdikləri tədbirlərə hər zaman böyük məmnuniyyətlə qatılır və əlimizdən gələn dəstəyi göstəririk. Mən əminəm ki, əvvəlki tədbirlər kimi, bu layihə də öz müsbət nəticəsini verəcək".
Ekspert Ərşad Hüseynov bildirib ki, doğurdanda bizim ölkəmizdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı xeyli işlər görülür və görülməkdədir: "Bizim ölkədə avtomobilləşmə prosesi hələ yeni fəaliyyətə başlayıb. Nəqliyyatdan istifadə ilə bağlı məsələdə təfəkkürümüz əsaslı dəyişməlidir. Bunun üçün bu cür layihələrə daima yer verilməlidir".
"Avtosfer.az" saytının baş redaktoru Elməddin Muradlı vurğulayıb ki, belə tədbirlərin keçirilməsi gələcəkdə parklama mədəniyyətinin inkişafına öz töhfələrini verə bilər: "Bu cür layihələrdə maarifləndirmə işində yol polisi əməkdaşlarının üzərinə böyük iş düşür".
Bakı Şəhər Baş Polis İdarəsinin nümayəndəsi, polis kapitanı Elşad Hacıyev bildirib ki, əgər problem varsa, onun aradan qaldırılması yolları da var. Polis olaraq bu gün cəmiyyətdə əsas arzumuz ondan ibarətdir ki, ictimai təhlükəsizlik etibarlı təmin olunsun. Təkcə yollarda yox, cəmiyyətin bütün təbəqələrini əhatə edən ictimai təhlükəsizlik anlayışı var ki, hamılıqla bu prosesə qoşulmalıyıq. Vətəndaş cəmiyyəti institutları, mətbuat bu prosesə dəstək verərsə, problem aradan qalxa bilər. Bütövlükdə ötən ay keçirilən tədbirlərin analizləri göstərir ki, bu problem həll edilməyən problem deyil. Biz ötən ay inzibati metodalardan daha çox maarifləndirməyə diqqət ayırdıq. İctimai təşkilatlar bizə dəstək oldular. Hər bir vətəndaş cəmiyyətdə qayda qanunlara hörmətlə yanaşmalıdır.
Tədbirin sonunda 5 yol polisi əməkdaşı fəallıqlarına görə xüsusilə seçiliblər. Onlar arasında Bakı Şəhər DYPİ-nin 6-cı tağım YPX inspektoru, polis serjantı Məmmədov Sadiq Qara oğlu, Bakı şəhər DYPİ-nin 4-cü tağım YPX inspektoru, polis serjantı Səfərov Elvin Məzəddin oğlu, Bakı Şəhər DYPİ-nin 10-cu tağım YPX inspektoru, polis baş serjantı İmamverdiyev Məhəmməd Aslan oğlu, Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı Rzayev Fərid Fəxrəddin oğlu, Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin YPX inspektoru, polis serjantı Vəliyev Azər İbrahim oğlu olub. Həmin polis əməkdaşlara "Qanunsuz Parklamalara Qarşı Mübarizə" İctimai Hərəkatı və "Azadİnform" İnformasiya Agentliyi tərəfindən qiymətli hədiyyələr və diplomlar təqdim olunub. Eyni zamanda qaliblərə "Azərsun" Holdinq Şirkətlər Qrupu, "Likon" MMC və "HED Academy" Nəqliyyatda Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN XİDMƏT) tərəfindən də hədiyyə paketləri paylanılıb.