Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi SOCAR-da uçotun tələblərinə riayət edilməsinə dair yoxlamalara başlayıb. Məlumata əsasən, yoxlamalar şirkətin baş ofisi və idarələrində aparılır. Yoxlamalar vasitəsilə son 5 il ərzində şirkətin maliyyə hesabatlarının tələblərinə nə dərəcədə düzgün riayət olunub-olunmadığı araşdırılır.
Unikal.org xəbər verir ki, Azərbaycanın ən böyük vergi ödəyicisi olan şirkətdə yoxlamalar aparmasına hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı münasibət bildirib.
Diqqətə çatdırıb ki, SOCAR-ın maliyyə hesabatları ilə bağlı kifayət qədər pozuntular var:
"Audit yoxlamalrını uzun illərdir eyni şirkət aparır. Hər bir dövlət qurumunda olduğu kimi SOCAR-da da yoxlamalar aparıla bilər. Vergilər Nazirliyi ilə bərabər Hesablama Palatası da yoxlamalar aparsaydı çox yaxşı olardı. Bunları müqayisə edilə bilər və əsl rəqəmlər aşkar olunardı. SOCAR-ı hər yerdə görmək olar. SOCAR çoxlu müxtəlif MMC-lər yaradıb, böyük məbləğdə sosial ödənişlər edir. Kimlərisə xarici ölkələrə bahalı müalicələrə aparır. Hesabatda kifayət qədər müəmmalı məsələlər var. Həmçinin SOCAR-da ekoloji məsələlər, əmək məcəlləsi ilə bağlı pozuntular, sosial ödənişlərlə bağlı çoxlu sayda problemlər var".
Orxan Həsənli