Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyinin təşəbbüsü ilə Buxarest Universitetinin professoru Katalin D.Konstantin Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbələri üçün ustad dərsi verib. 

Unikal.org xəbər verir ki, dərsdən əvvəl keçirilən görüşdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları salamlayıb, tədbirin ərsəyə gəlməsində Rumıniyanın ölkəmizdəki səfirliyinin rolunu yüksək qiymətləndirib. Rektor belə dərslərin tələbələr üçün böyük əhəmiyyətini vurğulayıb. Sözügedən ölkənin ölkəmizdəki səfiri Dan İanku da öz növbəsində səmimi qəbul üçün rektora təşəkkürünü bildirib, belə görüşlərin davamlı olmasını arzulayıb. 

Buxarest Universitetinin professor Katalin D.Konstantinin “Avropa şəhərlərinin meydanları və onların tarixi” adlı mühazirəsi tələbələrin marağına səbəb olub, onların sualları, qarşılıqlı müzakirələrlə davam edib. 

Onu da qeyd edək ki, görüşdə səfirliyin müşaviri Mixayella İanku da iştirak edib.