Azərbaycan balıqçılığı niyə batıb?
13:08 21-09-2012
İQTİSADİYYAT
Azərbaycan balıqçılığı niyə batıb?
Ölkədə bioloji normadan dəfələrlə az olan balıq istehlakının səbəbləri üzə çıxdı
Bakının Cavid prospektindəki supermarketlərdən birində satıcı qız piştaxtaya soyudulmuş qızıl balıq düzürdü. "Neçəyədir?" sualına qız "12 manat" cavabını verdi. "Əladır ki, 1 kiloqramı 12 manata, ağ balıqdan üç dəfə ucuzdur" deyən "anspress" əməkdaşı dərhal cavabını aldı: "Nə kiloqram? 300 qramlıq bağlamanı deyirəm, kiloqramı 40 manata düşür".
Sentyabrın ikinci yarısı başlasa da, 40 manatlıq qızıl balıq həmin supermarketdə alıcıların əldə edə biləcəyi yeganə təzə balıq idi. Piştaxtanın üzərinə düzülən hisə verilmiş balıqların da xeylisi Atlantik okeandan gətirilmişlər idi. Yerli balıqları yalnız kiloqramı təxminən 10 manatdan təklif edilən xəşəm və 4 manatlıq çapaq təmsil edirdi.
Paytaxt mağazaları xarici
balığın ümidinə qalıb
Cavid prospektindəki həmin supermarketdəki vəziyyət demək olar ki, Bakının və Azərbaycanın iri şəhərlərinin əksər ərzaq mağazalarına şamil edilə bilər - dükanlar əsasən xarici balıq satırlar.
Bunu rəsmi statistika da təsdiqləyir. Statistikaya görə, ölkə əhalisi adambaşına il ərzində 6,9 kiloqram balıq qəbul edir. Yəni ölkə ərazisində hər il 66 min tona yaxın balıq istehlak edilir, Azərbaycanda isə il ərzində cəmi 1000 tona yaxın balıq ovlanır.
Cəmii 1,5 faiz yerli balıq
Göründüyü kimi, ölkə ərazisində istehlak edilən balıqların yalnız 1,5 faizi yerli məhsuldur. Əslində tutulan 1000 tona yaxın balığın 485 tonunun kilkə olduğu və kilkənin də böyük hissəsinin balıq unu istehsalına yönəldiyi nəzərə alınarsa, istehlakda yerli məhsulun payının 1% təşkil etdiyi ortaya çıxar. Təbii ki, xaricdən gətirilən balıq yol xərci və s. səbəblər üzündən xeyli baha çıxır. İdxal məhsulun bahalığı öz ardınca yerli balığı da bahalaşdırır.
Məsələn, Bakı supermarketlərində buzlu skumbriyanın kiloqramı təxminən 6 manata yaxındır və 4 nəfərdən ibarət Azərbaycan ailəsi bir dəfə qidalanmaq üçün bu balıqdan ən azı 1,2 kiloqram almalıdır ki, buna da 7-8 manat pul xərcləyir. Amma ailə həmin pula aldığı mal əti ilə iki dəfə qidalanır və buna görə də balıqdan vaz keçir. Eyni fikri mövsümdə Bakı bazarlarında kiloqramı 5-6 manata satılan kütüm barədə də bildirmək olar. Bu balıqla qidalanmaq üçün 4 nəfərlik ailə 2 kiloqrama yaxın kütüm almalıdır, çünki bu balığı təmizlədikdən sonra başı, quyruğu və içalatı atılır və çəkisi xeyli azalır.
Nəticədə Azərbaycan əhalisinin balıq istehlakı bir sıra MDB ölkələri ilə müqayisədə bir neçə dəfə aşağıdır. Məsələn, Ukraynda il ərzində adambaşına 15 kiloqrama yaxın, Belarusda isə 17 kiloqram balıq istehlak edilir. Rusiyada isə 2011-ci il üzrə bu göstərici 20-21 kiloqrama çatdırılıb ki, bu ölkənin rəsmiləri SSRİ üçün orta göstəricini bərpa etməkləri ilə fəxr edirlər. Avropa Birliyi üçün isə adambaşına balıq istehlakı 31 kiloqrama çatıb. Yəni Azərbaycanın indiki göstəricisi SSRİ üzrə orta göstəricidən 3-4 dəfə geri qalır.
Milli göstəricimiz həkimlərin adambaşına balıq istehlakı üzrə məsləhət gördüyü bioloji normalardan da təxminən 4 dəfəyə qədər geridir. SSRİ Elmlər Akademiyasının Elmi-Tədqiqat Yeyinti İnstitutunun 1976-cı ildə gəldiyi nəticəyə görə, xüsusilə gənc nəslin normal inkişafı üçün adambaşına balıq və balıq məhsulları istehlakı il ərzində 23,7 kiloqram təşkil etməlidir. İnstitut bunu balığın tərkibində D vitamini və kalsium olması ilə izah edir. Beləliklə, Azərbaycan vətəndaşları il ərzində bioloji normadan adambaşına 17 kiloqram az balıq yeyirlər. Halbuki, Azərbaycanın inteqrasiya istiqaməti kimi götürdüyü inkişaf etmiş ölkələrdə istehlak göstəricisi bioloji normanı da üstələyir. Məsələn, ABŞ-da ildə adambaşına 25 kiloqram, Avropa Birliyində 31 kiloqram balıq istehlak edilir. Yaponiyada isə bu göstərci 60 kiloqrama yaxındır.
Ekspert nə deyir?
Milli Elmlər Akademiyasının böyük elmi işçisi, zoologiya üzrə fəlsəfə doktoru Süleyman Süleymanov daxili ehtiyatlar hesabına Azərbaycanın balıq istehlakı göstəricisini müəyyən qədər artıraraq bioloji normaya yaxınlaşdırmağı mümkün sayır: "Bizdə indi ildə 1000 ton balıq tutulduğu halda əvvəllər sənaye üsulu ilə ov on dəfələrlə artıq olub. Məsələn, 1939-48-ci illər üzrə orta illik ov göstəricisi 21 min tona yaxın olub. Yəni indikindən 20 dəfə yüksək imiş. Elə yaxın 2002-ci ildə də yerli balıq ovu 11 min ton təşkil edib".
Alimin fikrincə, Xəzərdə hazırda yetərincə kilkə və siyənək ehtiyatı yaranıb ki, onların lazımi olan səviyyədə ovlanmasını təşkil etmək olar: "Araşdırmalarımıza görə, Azərbaycanın 58 min ton kilkə və 35 min ton siyənək ehtiyatı var və bunların 30 faizini ovlamaq olar".
Yəni alimin sözlərindən belə çıxır ki, hər il Azərbaycanda 17 min ton kilkə və 10 min ton siyənək tutmaqla, balıq istehlakını 93 min tona qədər artırmaq, yəni adambaşına istehlakı 10 kiloqramdan yuxarı etmək olar. Qeyd edək ki, Azərbaycanda bu balıqların xüsusi istehlak ənənəsi formalaşıb. Kilkəni həm qızardılmış şəkildə, həm də farş şəklində istifadə edirlər. Ətin bahalı olduğu 1990-cı illərdə Bakı sakinləri arasında kilkə farşından kotlet bişirmək geniş yayılmışdı və bu həmin illərdə paytaxt yeniyetmələrini rayon mərkəzlərində yayılmış qısaboyluluq fəsadından xilas edə bilmişdi. Kartofla duza qoyulmuş siyənək isə orta səviyyəli ailələrin əksəriyyətində sevilən yemək idi. Hər halda, sovet keçmişində Bakı ailələrində həftədə bir dəfə siyənək balığı yemək ənənəsi formalaşmışdı.
Rəsmi münasibət
Lakin hazırda şərait elə gətirib ki, Azərbaycan balıqçıları məhz lazımi səviyyədə siyənək və kilkə tutmaq iqtidarında deyillər. Ekologiya və Təbii Sərvətlər Naziriliyinin sektor müdiri Qəhrəman Zahidlinin sözlərinə görə, bu, Xəzərin səviyyəsinin qalxması nəticəsində balıqların miqrasiya marşrutlarının sahildən aralı düşməsi ilə bağlıdır. Hazırda Azərbaycanda balıqçılıqla əsasən kiçik qayıqlar məşğul olur. Sərhəd qoşunlarının sahil mühafizə xidməti isə belə qayıqlara yalnız 2 mil ərazidə ov etməyə icazə verir. Həmin qayıqlar həm də təhlükəsizlik məqsədi ilə havada küləyin 13 m/san-dən çox olduğu hallarda dənizə buraxılmır.
Hazırda Xəzər sahilindəki bəzi qəsəbələrin hər birində 20-30-a yaxın belə qayıqlar balıqçılıq fəaliyyəti ilə məşğuldur və onların hər birinə təxminən 1 tona yaxın balıq tutmaq kvotası verilir. Buna görə də, həmin qayıqlar dənizə ən optimal vaxtda çıxırlar, çünki qayığın bir dəfə dənizə çıxması 100 manatdan çox xərc aparır - buraya yanacağın pulundan tutmuş ekipaj üzvlərinin gündəlik muzduna qədər hər şey daxildir. Qayıq sahibləri qoyduqları pulu əsasən kütüm tutmaqla çıxarırlar. Və tutulan kütüm əsasən restoranlara və şadlıq evlərinə gedir.
Qayıqlar kütümü topdansatış alverçilərinə kiloqramı 3,5 - 4 manatdan satırlar, onlar isə restoranlara 5 - 6 manata verirlər. Restoranın qazancı da az olmur - 600-700 qramlıq kütümün porsunu müştəriyə 10 manat təklif edirlər. Şadlıq evləri isə hər toy üçün təxminən 50 kiloqrama qədər kütüm əldə edir. Bakıda təxminən 300-400 şadlıq evi süfrəyə kütüm çıxarır və hər şadlıq evində ilə ərzində 100-ə yaxın toy olur. Yəni bu toylarda ildə təxminən 200 tona yaxın kütüm işlədilir. Təxminən bir o qədər də əhali tərəfindən işlədilir.
Texniki baza da zəifdir
Bəzi balıqçılar qayıqların yalnız kütüm tutmasından narahat olsalar da, zooloq alim Süleyman Süleymanovun sözlərindən vəziyyətin o qədər təhlükəli olmadığın anlamaq olur. Onun sözlərinə görə, Azərbaycanda 2 min tona yaxın kütüm ehtiyatı var və davamlı inkişafa zərər vurmadan ildə təxminən 600-700 ton kütüm tutmaq olar.
Lakin ETSN təmsilçisi Qəhrəman Zahidlinin sözlərindən anlamaq olur ki, Azərbaycan balıqçılarının texniki vasitələri ilə hətta mümkün olan qədər kütüm də tutmaq mümkün deyil. O bildirir ki, balıqçılar yayda belə qayıqlarla ova çıxa bilmirlər: "Çünki balıqlar daha sərinə - suyun dərin hissələrinə çəkilirlər. Balıqçılar buna görə ovu dayandırırlar". Yəni texniki bazanın zəifliyi hətta kütüm kimi populyar bir balıq növündən yetərincə istifadə etməyə imkan vermir.
Mütəxəssis nə təklif edir?
Əslində kilkə və siyənəyin də imkan olandan 10 dəfələrlə aşağı səviyyədə tutulması da məhz texniki imkanlarla bağlıdır. Yəni bu balıqlar iri gəmilərlə tutulmalıdır və sovet illərində iri balıqçılıq təsərrüfatlarında belə gəmilər var idi.
Zooloq alim Süleyman Süleymanovun sözlərinə görə, ildə 21 min ton balıq tutulan 1940-cı illərdə Azərbaycanda balıqçılıqla məşğul olan 32 kolxoz-sovxoz olub. Məsələn, o vaxt siyənək əsasən Xudat tərəfdə olan balıqçılıq sovxozlarında "nevod" üsulu ilə tutulurmuş. Bu üsulun əsasında dənizə iri tor salınaraq sahildən mancanaqla dartılması nəticəsində balıq tutulması dayanır. Süleyman Süleymanovun dediyinə görə, 1960-cı illərdə bu üsulla siyənək tutmağın nərəkimilərin artımına mənfi təsir göstərdiyi müəyyən olunub. Ona görə də kütləvi şəkildə siyənək tutulması dayandırılıb. Kilkə ovu üçün nəzərədə tutulan 7-8 gəmi isə məhsulun satışından əldə edilən gəlirin yanacağın pulunu belə ödəmədiyindən şikayətlənirlər.
AMEA-nın əməkdaşı Süleyman Süleymanov balıqçılıqda yeni üsulların tətbiqi ilə kütləvi siyənək və kilkə ovunu bərpa etməyi mümkün sayır: "Balıq uzağı 12 il yaşayır, sonra ölüb gedir, onu lazımi səviyyədə niyə ovlamayaq? Hazırda Həştərxanda optimal tor seçimi ilə nərə balıqlarının balalarına dəymədən siyənək və kilkə ovunda çox irəli gediblər. Biz də bu üsullardan tətbiq etməliyik". Alimin Azərbaycanın balıqçılıq təsərrüfatları üçün təklif etdiyi daha bir üsul isə akvakultura yolu balıq yetişdirməsidir. "Salyan, Neftçala tərəflərdə belə primitiv şəkildə olsa da belə təsərrüfatlar var. Əhali onlara "damba" balığı deyir. Bir iş var ki, Bakı bazarlarında satılan balığın çoxu "damba" balığıdır. Bunu da sənaye üsulu ilə inkişaf etdirmək lazımdır".
Qeyd edək ki, zooloq alimin təklif etdiyi bu üsul dünyada geniş yayılıb. Məsələn, hazırda Çin balıq istehsalına görə dünya birincisidir və bu ölkədə ildə 53 milyon ton balıq istehsal edilir. Bunun yalnız 11 milyon tonu ovla tutulur, 42 milyon tonu isə yetişdirilir.
Çingiz Rüstəmov
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55