Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İsrail-Azərbaycan Ticarət Palatasının prezidenti Aleks Kaplun ilə görüşüb.
Unikal.org xəbər verir ki, ADNSU-nun strukturu haqqında danışan rektor M.Babanlı universitetin “eazi START” Startap və İnnovasiya Mərkəzinin startap layihələri haqqında qonağa ətraflı məlumat verib.
Universitetdə həmçinin HPC mərkəzin fəaliyyət göstərdiyini qeyd edən rektor M.Babanlı startapların həyata keçirilməsi üçün universitetdə lazımi maddi-texniki bazanın yaradılmasına və tələbələrin bu sahəyə böyük maraq göstərməsinə baxmayaraq startapçı İT mütəxəssislərin hazırlanmasında dəstəyə ehtiyac olduğunu vurğulayıb.
İKT sahəsində qabaqcıl texnologiyaları və həlləri tətbiq etməklə startap layihələrinin hazırlanması, geniş ictiamaiyyətə təqdimatı və investorların cəlb olunmasının önəmindən danışan İsrail-Azərbaycan Ticarət Palatasının prezidenti A.Kaplun ADNSU ilə bu sahədə birgə tərəfdaşlığa hər zaman hazır olduqlarını bildirib.
Daha sonra İsrail-Azərbaycan Ticarət Palatasının prezidenti A.Kaplun “eazi START” Startap və İnnovasiya Mərkəzində olub.