Asəf Rzayev: "Təəssüflər olsun ki, məmurlarımızın əksəriyyəti jurnalist görəndə elə bil qutuda diri ilan görürlər"

Bu gün "Unikal" qəzetinin və unikal.org saytının altı yaşı tamam olur. Ad günü ərəfəsində sözügedən media qurumunun qurucusu Asəf Rzayev Ölkə.az-a müshaibə verib.  
 
Unikal.org Asəf Rzayevin Ölkə.az-a müshibəsini təqdim edir:

"Unikal"ın kapitanı ilə söhbətə ötən altı ilin xatirəsindən başladıq.

-Asəf müəllim, hər iki media qurumunun rəhbəri kimi fikirlərinizi bilmək maraqlı olardı. Arxada qoyduğunuz altı ili necə xatırlayırsınız?

- Əvvəlla, təşəkkür edirəm ki, önəmli bir gündə bizi diqqətdə saxlamısız. Bu günün mənim üçün özəlliyi böyükdür. Çünki "Unikal"ın media cəmiyyətində özünə məxsus yer tutması üçün xeyli əziyyətli yol keçmişik. Bu illər ərzində çalışmışam ki, qəzet ayaq üstə qalsın, kollektiv dağılmasın. Açığı, bu günün özəlliyini redaksiya kollektivində də hiss edirəm. Bu illəri bir yerdə addımlayıb, sevincimizi və acımızı birgə bölüşmüşük. Bilirsiniz, mən hiss edirəm və əminliklə deyə bilərəm ki, mənim üçün bu gün nə qədər sevinclidirsə, oxucular üçün də o qədər sevinclidir. Çünki onlar "Unikal"ı sevə-sevə oxuyurlar. "Unikal" qəzet olaraq öz oxucu aditoriyasını artıq qazanıb, çap mediasında öz yeri var. Unikal.org saytı olaraq isə on qat oxucu aditoriyası qazanmışıq. Onu da qeyd edim ki, sutka ərzində sayt mütəmadi yenilənir. "Unikal" qəzeti altı il bundan öncə həftəlik çıxıb. O vaxt qəzetin baş redaktoru dostum, yaradıcılığına, istedadına hörmət etdiyim Eldəniz Elgün olub. Qəzetin ilk sayı çapdan çıxan günü indi də xatırlayıram. İlk nömrəmiz çox maraqla qarşılandı. Artıq qəzetin bir neçə sayından sonra bazarda öz yerinin olduğunu gördük və qərara gəldik ki, gündəlik rejimə keçək. Elə o vaxtdan gündəlik rejimdə yolumuza davam edirik. Bilirsiniz, o vaxtlar siyasi proseslərdə canlanma var idi, xəbər qıtlığı da yaşamırdıq. İstədiyimiz siyasi açıqlamanı alıb, istədiyimiz xəbəri verirdik. Artıq get-gedə hiss olundu ki, siyasi proseslər aktivliyini itirir. Və qəzetlərdə də siyasi mövzularda geriləmə hiss olunur. Ancaq bunun çıxış yolunu fikirləşdik və qərara gəldik ki, analitik yazılara, reportajlara, müsahibələrə və sosial mövzulara daha çox üstünlük verək. Açığı, elə oxucular da bu mövzulara daha çox maraq göstərdilər. Mən deyərdim ki, oxucular da daha yalançı siyasi söhbətlərdən yoruldular.

Altı ildir ki, " Unikal"la bir yerdə addımlayırıq. Bu illər ərzində çalışmışam ki, oxuculara yeni nəsə çatdırım. Bizim işimiz xəbər alıb, xəbəri cəmiyyətə çatdırmaqdır ki, onun da öhdəsindən gəlirik. Hiss edirəm ki, inkişaf etmək üçün daim çalışmalıyıq.

- Dediyiniz kimi, ağır iş rejimində çalışırsınız. Yəqin ki, ad gününüzü qeyd edəcəksiz? Tədbir harada baş tutacaq, kimlərlə bir yerdə olacaqsınız?

- Dəqiq analiz aparsaq, jurnalistikanı ən ağır peşələrdən hesab etmək olar. Bunu ancaq bu peşənin sahibləri bilərlər. Amma kənardan kimlərəsə asan görünə bilər ki, qəzetdi də yazdın, verdin çapa vəssalam. Açığı, bir qəzetin ərsəyə gəlməsi üçün çox ağır bir mərhələlərdən keçirsən. Gündəlik qəzetin işi isə daha ağırdır. Bunu məmur təbəqəsi, papasının, mamasının gül balaları heç vaxt anlaya bilməz. Demək olar ki, mən günün 10-12 saatını işləyirəm. Bir tərəfdən gündəlik qəzet, o biri yandan isə sayt. İşdən sonra da oturursan evdə, yaxud hər hansı bir başqa məkanda, yenə xəbər barədə düşünürsən. Qəzet səhifələrinə baxırsan, onu çapa verdin, yenidən sayta qayıdırsan. Bir də ayılırsan ki, gecə saat 12-dir. Bu da sənin iş günün. Mənimlə bərabər, bəlkə də məndən çox "Unikal" komandası əziyyət çəkir. Bilirsiniz, hazırkı zaman çox işləməyi tələb edir. Çünki qəzet və saytın gündəmdə qalması üçün çalışmalıyam. Qaldı ki qəzetin ziyafət məsələsinə, belə bir fikrim yoxdur. Hansısa restoran bağlatdırmaq və ya dəbdəbəli mərasim təşkil etmək bizə uyğun deyil. Hökm deyil ki, restoran olsun, biz ad günündə də redaksiyada olacağıq. Bir tort kəsib ad gününü qeyd etmək də olar. Yəni, adgünündə də "Unikal"çılar iş başında olacaq.

- Bu gün fəalliyət göstərən mətbuat orqanları arasında hansıları müstəqil hesab edirsiz?

- Ölkədə fəaliyyət göstərən media qurumları çoxdur. Təbii ki, onun bir qismi dövlət qəzetləri və saytlarıdır, bir qismi isə müxalifət partiyasının mətbu orqanıdır. Mən deyərdim müstəqil mətbu orqan az saydadır. Bu gün Azərbaycanda söz və mətbuat azadlığı var. İstənilən media qurumunu nəzərdən keçirəndə orada hansısa dövlət məmurunun sərt şəkildə tənqid olunduğunu görmək olar. Bu da ölkədə azad mətbuatın olduğunu göstərir. "Unikal"ın hansı nömrəsinə baxsan, tənqidi məqalələrə rast gələrsən. Deməli, ölkədə demokratiya və söz azadlığı var ki, mətbuat hakimiyyətin nazirlərini, icra başçılarını, komitə sədrlərini tənqid edir. Mən həmişə haqsız danışan insanlara sübut etmişəm ki, Azərbaycanda müstəqil mətbuat var. Müstəqillik olmasa, hansısa məmurdan yaza bilərsənmi? Bu azadlıq olmasaydı, ya "Kürdəxanılıq", ya da qəbiristanlıq olardıq. Deməli, sözün əsl mənasında cənab prezident İlham Əliyevə minnətdar olmalıyıq ki, müstəqiliyimizi qoruyub saxlayır. Bilirsiniz, kimlər belə fikir bildirirlər ki, guya müstəqil media yoxdur? O şəxslər ki, yazısına görə yox, törətdiyi əməlinə görə cəzalanıblar. Hansı jurnalist yazısına görə cəzalandırılıb? Kimsə gedib hansısa şəxsin çətiri altında qəzet çıxarıb və yaxud xarici dövlətin dəstəyi ilə agentlik işlədib dövlətini satacaqsa, sonra da hansısa problemlə üzləşəcəksə, onun mətbuata və müstəqilliyə nə aidiyyatı var? Ona görə də gedib cəzalarını çəkirlər. Sonra da deyirlər ki, müstəqil deyilik. Qardaşım, qəzet və yaxud sayt varsa, medianın müstəqiliyindən istifadə edib bildiyini etməlisənmi? Unutmayaq ki, dövlətini satan adam hər şeyni belə fikirləşmədən satar.

-Son dövrlər bir neçə nazirlə müsahibəniz mətbuatda müzakirə mövzusu olub. Daha hansı dövlət məmurlarından müsahibə götürmək istəyərsiniz? Ümumiyyətlə, məmurların mətbuata olan münasibəti sizi qane edirmi?

-Bəzi nazirlər var ki, onlara yaxın düşmək çox çətindir. Elə bil kreslolarını dədələrinin pensiyası ilə alıblar. Fikirləşmirlər ki, ölkə başçısı mediaya necə diqqət göstərir. Cənab prezident özü də deyir ki, ölkədə baş verənlər barədə məlumatı mediadan alır. Amma bəzi məmurlar bunu nəzərə almırlar. Doğrudur, çətin olsa da, birdən elə olur ki, təsadüfən qısa müsahibə alınır. Bax, elə mənim də bir neçə nazirdən müsahibələrim sırf təsadüfən alınıb və yaxşı effekt verib. Əslində, belə müsahibələr tez-tez olmalıdır ki, cəmiyyət həmin nazirin dediklərini özündə analiz etsin. Amma təəssüflər olsun ki, bizdə tərsinədir. Müsahibə vermirlər, açıqlama almaq olmur. Məndə hansısa nazirin telefonu olsa, yenə müsahibə götürərəm. Danışmaq istəməsə belə, bir neçə cümlə danışdıraram. Bir neçə dəfə olub ki, nazirlərdən müsahibə almışam. Amma çox danışmayıblar. Bir gün hörmətli Ziya Məmmədovla qısa müsahibə alındı, yaxşı da oxundu. Hətta bütün media həmin müsahibəni istinadla yayımladı, gündəm mövzusu oldu. O vaxt götürdüyüm müsahibəylə bağlı maraqlı bir məqam oldu. Mənə bir tanıdığım adam zəng etdi və dedi ki, müsahibəni verməyim, verəcəyimi bildi və dedi ki, Ziya Məmmədov deyir ki, onda Elton Məmmədovun adından versin. Mən də götürdüyüm müsahibəni elə Ziya müəllimin adından verdim və nəticəsi də dediyim kimi, əla alındı. Mənim üçün hər şeydən öncə xəbərdir. Son aylarda Ziya Məmmədovun səlahiyyətlərinin əlindən alınmasıyla bağlı münasibət öyrənmək üçün bir neçə dəfə cəhd göstərdik, amma müsahibə vermədi. Deyəsən, o söhbətdən sonra "Unikal"dan küsüb. Qaldı hansısa nazirlə müsahibəyə, kim mənimlə müsahib olmaq istəsə, dərhal götürərəm. Çünki məmurların müsahibəsi hər zaman olduğu kimi bu gün də cəlbedicidir. Çox istəyərəm ki, nazirlərdən, spikerdən, müdafiə nazirindən müsahibə alım. Bəzi deputatlar var ki, mediadan qaçırlar, danışmırlar. Bu da normal hal deyil. Bir media qurumunun sahibi kimi deyərdim ki, deputat hər zaman jurnalistlərə açıq olmalıdır, çünki ən azındın onları xalq seçib. Bu gün bunların müsahibələri cəmiyyət üçün də cox maraqlıdır, təkcə jurnalistlər üçün yox. Bilirsiniz, barmaqla sayılası məmur var ki, jurnalistə açıqdır, münasibət bildirirlər, müsahibə verirlər. Amma təəssüflər olsun ki, məmurlarımızın əksəriyyəti jurnalist görəndə elə bil qutuda diri ilan görürlər. İnformasiya verməkdən yayınırlar, münasibətlərini kobud şəkildə ifadə edirlər. Daha bilmirlər ki, sabah vəzifədən gedəndə və yaxud etdiyi saxtakarlığa görə həbs olunanda jurnalistlərə möhtac olacaqlar. Misal üçün Əli İnsanov. Mən elə fürsətdən istifadə edib həmin məmurlara səslənərək, demək istəyirəm ki, mətbuata açıq olmaq lazımdır, cənablar!

- Məmurlar arasında dostluq etdiyiniz, yaxın münasibət qurduğunuz şəxslər varmı?

- Ümumiyyətlə, dostu, ətrafı olmayan insan həyatda bayquş kimi bir şeydir. Mənim dostlarım, ətrafım böyükdür. Onların arasında məmur dostlarım da var. Bəziləri üçün ola bilsin, məmurla dostluğu böyük bir iş bilirlər. Amma mənim münasibətim olan vəzifəli şəxslər də sadə dostlarım kimidir. Mən həyatda necəyəmsə, onlarla o cür rəftar edirəm. Daha fikirləşmirəm ki, bu kimdir, vəzifəsi nədir. Belə şeylər mənə yaddır. Əgər dostluq edirsənsə, səmimi olmalısan, yox əgər səmimi deyilsənsə, deməli, dostluqdan söhbət gedə bilməz. Mən bilən belə olmaq lazımdır ki, möhkəm dostluq olsun. Elə şəxslər var ki, məmurla münasibət qurur, az qalır görüşəndə onun əlindən öpsün.

- Mətbuata dövlət qayğısını necə qiymətləndirirsiniz və gələcək planlarınız?

- Bu gün cənab Prezident hər sahəyə diqqət ayırdığı kimi, mətbuata da diqqət və qayğısını əsirgəmir. Son illər KİVDF-nin yaradılması və qəzetlərə yardım ayrılması, jurnalistlərə mənzillərin verilməsi, onların fəxri adla təltif olunması ölkə başçısının xüsusi diqqətinin nəticəsidir. Qaldı gələcək planlara, təbii ki, insan həyatı planlar üzərində qurulur. Mən, ümümiyyətlə, yeniliyi xoşlayan adamam. Sözsüz ki, yeni planlarımız var, perspektivdə yeni layihələrin icrasını planlaşdırıram. İnşallah planlarımızın necə baş tutacağını zaman göstərəcək.

-Hansı media orqanını özünüzə rəqib görürsünüz?

- Təbii ki, rəqibsiz həyat yoxdur. Əgər həyatda yaşayırsansa, sənin də rəqibin var. Biz informasiya rəqabətinin içindəyik. Bu gün fəaliyyət göstərən qəzət və yaxud sayt xəbər rəqibiylə işləyirsə, deməli, bizim də rəqimiz var və olacaq.

İntiqam Valehoğlu