Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Hökməli qəsəbəsində sayca 5-ci səyyar qəbul-görüşü keçirilib.
Unikal.org xəbər verir ki, rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədova səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib.
İcra hakimiyyətinin Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müseyib İbrahimov, Hökməli bələdiyyəsinin sədri Ramil Orucov hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərinin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürlərini bildiriblər. Bununla yanaşı yeni salınmış məhəllələrə su, qaz xətlərinin çəkilməsi və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər.
Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran xanım başçı əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayıb.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.