Ötən ay 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb.
Unikal.org-un report-a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib.
Yanvarda qonşu ölkəyə ümumilikdə 1587 əcnəbinin girişinə qadağa qoyulub.
Gürcüstana buraxılmayan xarici vətəndaşlar arasında İran vətəndaşları 576 nəfərlə birinci yeri tutub. Siyahıda ikinci yerdə isə Hindistan vətəndaşlarıdır. Ötən ay bu ölkənin 366 vətəndaşı Gürcüstana daxil ola bilməyib.
Hesabata əsasən yanvarda Türkiyənin 116, Türkmənistanın isə 72 vətəndaşı Gürcüstana buraxılmayıb.
Qonşu ölkəyə girişlə bağlı qadağanın tətbiq olunduğu Rusiya vətəndaşlarının sayı 58, Ermənistan vətəndaşlarının sayı 50, Özbəkistan vətəndaşlarının sayı 44, Pakistan vətəndaşlarının sayı 28, Misir vətəndaşlarının sayı 16, İraq vətəndaşlarının sayı 15, Qırğızıstan vətəndaşlarının sayı 13, Qazaxıstan vətəndaşlarının sayı isə 11 nəfər təşkil edib.
İllik müqayisədə Gürcüstana buraxılmayan xarici vətəndaşların sayı 50%-dən çox artıb.
Daha əvvəl Gürcüstanda erməni separatçının büstünün qoyulmasına qarşı etiraz aksiyaları ilə bağlı maraqlı təfərrüatlar məlum olub.