Prezident İlham Əliyevin fevralın 21-də Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Fərman və Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalaması biz Əfqanıstan müharibəsi veteranlarına göstərdiyi diqqət və qayğının daha bir göstəricisidir.

Bu fikri Unikal.org-a açıqlamasında Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov deyib.

Ə.Təhməzov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev hər zaman Əfqanıstan müharibəsi iştirakçılarına diqqət və qayğı göstərirdi. Ümummilli lider Heydər Əliyev biz veteranları həmişə yüksək qiymətləndirib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Əfqanıstan müharibəsi veteranları Prezident İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunub.

Dövlətimizin başçısının müharibə iştirakçılarının sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı bu günlərdə imzaladığı Fərman və Sərəncam biz veteranlara ali diqqət və qayğının bariz nümunəsidir. Dövlətimizin başçısı bir daha təsdiq etdi ki, o veteranların, şəhid ailələrinin daim yanındadır.

“Prezidentimizin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır” deyən Ə.Təhməzov qeyd edib ki, Əfqanıstan müharibəsi veteranları və əlilləri də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müharibə iştirakçıları üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdirlər. Bu da ondan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müharibə iştirakçılarına daim yüksək səviyyədə diqqət və qayğı göstərir, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. Prezident İlham Əliyevin apardığı məqsədyönlü, mütərəqqi və uğurlara əsaslanan siyasət bütün sahələri, o cümlədən biz Əfqanıstan müharibəsi veteranlarını da diqqətdən kənarda qoymur. Biz veteranlar daim Prezidentimizin yanındayıq, onun apardığı daxili və xarici siyasəti dəstəkləyirik. “Əfqanıstan müharibəsi veteranları adından bizə göstərilən bu ali diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”, - deyə o əlavə edib.