Vətəndaşların təhlükəsiz ətraf mühit hüququnu 150-dən çox dövlət tanıyıb. Bununla belə, şəhər əhalisinin 90 faizi çirklənmiş hava ilə nəfəs alır. Nəticədə hər il 7 milyon insan, o cümlədən 600 000 uşaq ölür.
Unikal.org BMT-nin saytına istinadla xəbər verir ki, bunu qurumun Baş katibi Antoniu Quterreş Cenevrədə Birləşmiş Millətlərin İnsan Hüquqları Şurasının növbəti sessiyasının açılışında çıxışında deyib.
Baş katib İnsan Hüquqları Şurasının vətəndaşların hüquqlarının müdafiəsi işində rolunu yüksək qiymətləndirib, Şuranın iqlim dəyişmələri məsələsinə insan hüquqları məsələsi kimi yanaşdığını xüsusi vurğulayıb.
A.Quterreş xatırladıb ki, iqlim dəyişmələri aclığa gətirib çıxarır və xüsusilə əhalinin ən zəif müdafiə olunan təbəqələrinə ciddi təsir göstərir. O bildirib ki, sentyabrın 23-də iqlim dəyişmələrinə dair sammit keçirmək niyyətindədir və bu işdə BMT-nin İnsan Hüquqları Şurasının üzvü olan dövlətlərin dəstəyinə ümid bəsləyir.