Türk Şurası və Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Türkdilli Diasporların I Potensial Artırma Təlim Proqramında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan nümayəndələri iştirak edib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri və Komitə sədrinin köməkçisi təmsil edib. Bundan başqa tədbirdə Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının üzvləri iştirak edib.
Təlim proqramının təşkilində əsas məqsəd türkdilli ölkələrin diasporlarının birgə fəaliyyətinə nail olmaq, onların təkcə Avropada deyil, bütün dünyada bərabər fəaiyyət imkanlarını gerçəkləşdirməkdi.
Unikal.org xəbər verir ki, aparat rəhbəri Daşqın Rəcəbli tədbir iştirakçılarına Komitə sədrinin salamlarını çatdırıb, təşkilatçılara təşəkkür edib və və təlim proqramının təcrübə mübadiləsi baxımından əhəmiyyətindən danışıb.
O qeyd edib ki, Türk Şurası ilə səmərəli əməkdaşlıq təmsil etdiyim qurumun fəaliyyətinin prioritetlərindən biridi. Son zamanlar diaspor quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib və müvafiq sənədlər qəbul edilib.
Aparat rəhbəri Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumu, 2019-cu il üçün müəyyən olunan tədbirlər planı barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bununla yanaşı TDƏŞ-ə üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramının açılış mərasimi və Türk Şurası nəzdində fəaliyyət göstərən diasporla iş üzrə Təmas qrupunun 5-ci iclası haqqında da məlumat verilib.
Daha sonra müxtəlif diaspor təşkilatlarını təmsil edən şəxslər çıxış edib və gördükləri işlər barədə ətraflı danışıblar.
Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev görülən işlərin görüntülü təqdimatını edib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videotəqdimat Aparat rəhbərinin çıxışı ilə müşaiyyət olunub və maraqla qarşılanıb.
Təlim Proqramında Dövlət Komitəsinin son zamanlar gördüyü işlər böyük marağa səbəb olub və qeyd olunub ki, bu işlər əhatəli, çoxistiqamətli, praktik cəhətdən səmərəli və gələcəyi doğru hədəfləyən işlər kimi yüksək qiymətləndirilməlidi. Vurğulanıb ki, görülən işlər diaspor hərəkatında yeni bir mərhələnin başlanmasının ən bariz nümunəsidi.
Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, tanınmış alim Yaşar Musayev, Berlin Humbolt Universitetinin müəllimi, elmlər doktoru Rasim Mirzəyev və Almaniyada təhsil alan Qurban Məmmədov çıxış edib, təkliflərini səsləndiriblər.
Birgə fəaliyyət istiqamətində atıla biləcək addımlarla bağlı fikir mübadiləsi aparılıb. Müzkirələr zamanı diaspor təşkilatları təmsilçilərinin gələcək əməkdaşlıqla bağlı təklifləri diqqətəlayiq hesab olunub.
Təlim Proqramı yekunlaşdıqdan sonra tədbirin bədii hissəsinə start verilib.Türk Şurası və TDƏŞ-in təşkilatçılığı ilə Novruz bayramı münasibətilə konsert proqramı təqdim olunub və konsertdə müxtəlif ölkələrdən olan rəqs ansamblları, o cümlədən Azərbaycanın “Cəngi” və Ankara Türk dünyası rəqs ansamblları iştirak edib. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistandan olan incəsənət ustalarının, Rusiya Federasiyasında, Moldovada yaşayan tük topluluqlarını təmsil edən sənət insanlarının çıxışları, Azərbaycandan olan Nisbət Sədrayevanın ifası könülləri oxşayıb və coşqu yaradıb. Qonaqlar proqrama böyük maraqla tamaşa ediblər.