Hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq sosial müavinətlə təmin edilirlər.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliiyindən Unikal.org-a bildirilib ki, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə də birdəfəlik müavinət ödənilir. Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına da müavinət verilir.
“Ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, həmin ailələrin üzvlərinin böyük əksəriyyətini, habelə ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxunu uşaqlar təşkil edir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər. Sığortaolunanlara da üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir.
Qeyd olunan müavinətlərin mütəmadi olaraq artırılması təmin edilir. Dövlət başçısının 25 fevral 2019-cu il tarixli Sərəncamı bu istiqamətdə növbəti və əhəmiyyətli addımın atılmasına imkan verib. Belə ki, Sərəncama əsasən, aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla, həmin uşaqlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib.
Eyni zamanda, Sərəncamla beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb”, - deyə məlumatda qeyd olunub.