Elnur Astambəyli:

Azərbaycanda "yaradıcılıq ittifaqları" kimi təqdim olunan sovetdənqalma qurumlar var: Yazıçılar Birliyi (AYB), Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı... 

Bu qurumların indiyədək mədəniyyət adına hansı yaralı barmağa dərman olduğunu bilənlər bilir. Məsələn, AYB... 

1930-cu illərdə – qanlı-qadalı repressiya çağlarında yaradılmış Birliyin qarşısında qoyulan bircə məqsəd vardı: ədəbiyyatı, Leninin təbirincə desək, "partiya və hökumət işinin vintciyinə çevirmək"... 

Yarandığı vaxtdan bu günəcən eyni missiyanı həyata keçirən, bir növ "Ədəbiyyat Nazirliyi" funksiyasını yerinə yetirən və var gücü ilə ədəbi prosesi tormozlamağa, Sovet dönəmində olduğu kimi, durğun, boz-bulanıq, təkrəngli, təksəsli ədəbi mühiti qoruyub saxlamağa çalışan AYB-ni tarixin tozlu arxivinə göndərməyin zamanı çoxdan çatıb. Ancaq birilərinin işinə yaradığı üçün ona – çoxdan "ölü can"a çevrilmiş bu təşkilata hələ də süni nəfəs verməkdə, ömrünü süni şəkildə uzatmağa çalışmaqdadırlar. 

Digər "yaradıcı ittifaqlarla" bağlı mənzərə də üç aşağı, beş yuxarı eynidir. 

Təzəlikcə isə mətbuatda Aşıqlar Birliyinin adını oxudum, ona da dövlət vəsaiti ayrılırmış. 

Osa mən bu birliyin hələ illər öncədən yerli-dibli ləğv edildiyi qənaətində idim. Məgər bu birliyə də "süni nəfəs" verib yaşatmağa çalışırlarmış.  
Keçən yüzilliyin qanlı-qadalı 30-cu illərində aşıqlıq (ozan) sənəti öz köklərindən və yüzillər boyunca formalaşmış ruhundan qoparıldı. Aşıq el (xalq) sənətçisi olmaqdan çıxdı, partiya və hökumət mədhiyyəçisinə çevrildi. "İşıqlıdır lampaları kolxozun" oxumağa başladı. Bir zamanlar haqsızlığa qarşı mübarizə aparan  qəhrəmanlar haqqında dastanlar, övgülər qoşan aşıq (ozan) valı 180 dərəcə dəyişdi, kolxoz sədrlərindən, sovxoz direktorlarından, raykom katiblərindən tutmuş prokurorların, müstəntiqlərin şəninə təriflər düzmək yolunu tutdu. 
Beləcə, "Fərman padşahındı, dağlar bizimdi" estetikası öz yerini:  

Getdi kulak, kontur, müsavat tamam,
Məhv oldu xainlər, gəldi xoş əyyam,
Verildi xalqlara bu gözəl məqam,
Stalinçi nocavanlar yaşasın! 

– bayağılığına buraxdı. 
"Aşığı el saxlar" deyə məşhur bir misal var. Açması çox bəsitdi: aşıq (ozan) istər maddi, istər ruhi-mənəvi baxımdan elə, xalqa bağlı idi, ilhamını ondan alır, qarnını da onun sayəsində doyururdu. 

30-cu illərdən başlayaraq aşığa yeni don biçildi - sözün həqiqi və məcazi mənasında.

Həqiq mənada ona görə deyirəm ki, həmin illərdən etibarən aşıqlar Stalinvari libasda səhnəyə çıxmağa başladılar: bu, "xalqlar atası"ndan qalma kitel, qəlife şalvar, uzunboğaz çəkmə, enli kəmərdir. Aşıqların bu yeni görkəmi həm də onlara biçilən yeni missiyanın (yaltaqlıq-mədhiyyəçilik) açıq görsənişi, birbaşa təsdiqi idi.  

Məcazi mənada ona görə deyirəm ki, aşıqlar xüsusi nəzarətə götürüldü: digərləri ilə müqayisədə xalq yığnaqlarında daha çox göründüklərinə, daim el-el, oba-oba gəzib-dolaşdıqlarına görə onlardan partiya və hökumətin təbliğatı, təşviqatı üçün gen-bol yararlanmaq barədə qərar verildi. Beləcə, "elin saxladığı" aşıq (ozan) yavaş-yavaş "partiya və hökumətin saxladığı" aşığa çevrildi. Necə deyərlər, "əl əli yuyar, əl də üzü". 

Elə Aşıqlar Birliyi də sazı öz mübariz ruhundan qoparmaq, aşığı isə təlxəyə döndərmək, ondan sovxozun, kolxozun, Mərkəzi Komitənin, canım sizə desin, leninizm-marksizmin şəninə tərif söyləmək kimi önəmli bir vəzifəni daha uğurla həyata keçirmək planının əsas tərkib hissəsi kimi meydana çıxmışdı. 

Bir sözlə, bu Birliyin yaranması – mahiyyət etibari ilə digər "yaradıcılıq ittifaqlarının" meydana çıxmasından heç nə ilə fərqlənmir. 
(Növbəti yazıda Azərbaycanda aşıqlığın (ozan) sənətinin niyə və necə gözdən salındığı barədə bəhs edəcəyik, o zaman bir daha aydın olacaq ki, bizdə "yaradıcılıq ittifaqları"  əslində "yaradıcılıq qənimləri"ndən başqa bir şey deyillər...)