Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyası (ETL) və Elmi əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə “Elm günü”nə həsr edilmiş “Müasir elmin fəlsəfəsi” adlı tədbir keçirilib.
Unikal.org xəbər verir ki, elm və təhsil məsələləri üzrə müşavir dosent Seyfəl Həsənov bu günün əhəmiyyətindən danışıb. O, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyevin cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzaladığını deyib. S.Həsənov bu tarixin ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyini deyib. O, dünya miqyasında Elm gününün qeyd olunmasının 80-ci illərin ortalarından başladığını bildirib: ““Sülh və tərəqqi naminə ümumdünya elm günü” kimi noyabr ayının 10-da UNESKO səviyyəsində dünyanın hər yerində qeyd olunur. Nə xoşdur ki, Azərbaycan da inkişaf etmiş, mütərəqqi ölkələrin siyahısında öz adını qeyd etdirib. Ölkə başçısının Azərbaycan elminin inkişafına, alimlərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, gələcəyin alimləri olan tələbələrimizin, magistrantlarımızın təhsil imkanlarının genişləndirilməsinə, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına yönəlmiş bir sıra səylərinin hamımız şahidiyik. Hamınızı universitet rəhbərliyi adından təbrik edirəm, sizi elmin inkişafında, cəmiyyətə yaxınlaşdırılmasında, cəmiyyətin tələbatlarını ödəyə biləcək səviyyəyə gətirilməsində səylərinizi əsirgəməməyə çağırıram və bu sahədə sizə uğurlar arzu edirəm”.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, ADU-nun Azərbaycanşünaslıq ETL-nin əməkdaşı akademik Möhsün Nağısoylu Azərbaycan dilçiliyi qarşısında duran məsələlər, gələcək planlar və tərtib olunan lüğətlər haqqında danışıb.
Eksperimental fonetika və tətbiqi dilçilik ETL-nin müdiri professor Fəxrəddin Veysəlli dil mənbələrinə münasibət, Azərbaycan elminin dünya miqyasında tanıdılması, plagiat hallarının qarşısının alınması, nəzəri işləmələrin elmdəki yerindən bəhs edib.
Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov elmin inkişaf mərhələlərindən söz açıb.
Elmin hazırki vəziyyəti və bu sahədəki perspektivlərdən danışan Elmi tədqiqatlar və nəşrlər şöbəsinin müdiri professor Həbib Zərbəliyev universitetin elmi fəaliyyəti haqqında məlumat verib.
Tədbir müzakirələrlə yekunlaşıb.