1 saylı Şəhər Kliniki Xəstəxanasında hemodializ xəstələri bir həftədir dövlət hesabına ayrılan dərmanları əldə edə bilmirlər.
Bu barədə xəstəxanasında növbədə dayanan insanlar Unikal.org-a şikayətlərində bildiriblər.
“Artıq bir həftədir ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasının Hemodializ şöbəsinin qarşısında xəstə və xəstə yaxınlarını dərman almaq üçün gözlədilir. Qaraciyər və böyrək köçürülmüş insanlara dövlət tərəfindən ödənişsiz şəkildə verilməsi lazım olan dərmanlar nədənsə gecikdirilir.
Səbəbini soruşduqda isə “90 nəfəri siyahıya salmışıq. Siz 91-ci olduğunuz üçün gedin növbənizi gözləyin, ya da iş vaxtımız bitdi” kimi bəhanələrlə çıxış edirlər.
Onlara sözügedən preparatlar 1 aylıq deyil, 25 günlük üçün verilir. Qalan 5-6 gün üçün dərmanları öz vəsaitləri hesabına almaq məcburiyyətində qalırlar. Digər bir problem isə 25 günlük üçün verilən dərmanlar da xəstələrə hissələrlə çatdırılır. Misal üçün bu gün dərmanların bir hissəsi, növbəti günlər üçün qalan hissəsi verilir”.
Şikayətçilər həmçinin deyib ki, növbə gözləyənlər isə ən çox rayonlardan gələn insanlardır.
Qeyd edək ki, qaraciyər və böyrək köçürülmüş xəstələr "Cell Cept", "Sandimin neural", "Proqraf" kimi dərmanlardan istifadə edirlər. Bu dərmanlar isə apteklərdə çox baha satılır.