Martın 29-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Milli Məclisin deputatı, professor Hüseynbala Mirələmov, həmçinin universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbir 31 mart soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Ermənilərin Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasətindən danışan rektor, professor Mustafa Babanlı 1918-ci ilin mart-aprel aylarında  ölkənin müxtəlif yerlərində minlərlə soydaşımızın xüsusi amansızlıqla qətlə yetirildiyini, on minlərlə insanın evlərindən didərgin düşdüyünü qeyd edib.
Millət vəkili, professor H.Mirələmov çıxışında ermənilər tərəfindən tarix boyu  həyata keçirilmiş vəhşiliklər, Xocalı faciəsi və  Azərbaycan Respublikasının digər rayonlarının işğalından danışıb. Dünya tarixində bir sıra qətliamların və soyqırımı aktlarının olduğunu deyən professor H.Mirələmov ermənilərin məkrli siyasətinin xüsusi amansızlıqla seçildiyini vurğulayıb.    
ADNSU-nun “İctimai fənlər” kafedrasının müdiri, professor Camal Mustafayev 31 mart soyqırımına qədərki dövrün siyasi mənzərəsindən və tarixi hadisələrdən danışıb. Professor C.Mustafayev hər il 31 mart soyqırımını xatırlamaqla və  milli-mənəvi dəyərlərimizi qorumaqla gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulayıb.