Yeni Azərbaycan Partiyasının saytında Milli Məclisinİctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri,YAP İcra Katibinin müavini Siyavuş Novruzovun məqaləsi dərc olunub.
Unikal.org millət vəkilinin həmin məqaləsini oxuculara təqdim edir:
Müasir cəmiyyətdə siyasi partiyaların ictimaiyyətin müxtəlif sosial sinif və maraq dairələrini, vahid ideya və fəaliyyət istiqamətində səfərbəredici, yönləndirici rolu hər kəs tərəfindən bilinən, aydın şəkildə dərk olunan obyektiv gərçəklikdir. Bu baxımdan hər bir siyasi partiyanın özünəməxsus yaranma şərtləri, tarixi şəraiti və bütün bunlardan qaynaqlanan sosial sifarişin müəyyənləşdirdiyi ideoloji hədəfləri, deməli həm də strateji məqsədlərə yönələn missiyası olur. Bu kriteriyalardan yanaşaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının da bir missiya partiyası olduğu aydınlaşır. O missiya müharibə burulğanında çabalayan ölkəni sülhə, ictimai-siyasi sabitliyə qovuşdurmaq, yeni siyasi sistem formalaşdırmaq, onun ideoloji, hüquqi və iqtisadi təməllərini yaradaraq, inkişafın keyfiyyətcə yeni mərhələsinə çıxarmaqdan ibarət idi. Azərbaycançılıq ideologiyasını cəmiyyətə mənimsətmək, “Əsrin müqaviləsi”ni imzalamaq (1994) və müstəqil Azərbaycanın ilk Konstitusiyasını (1995) qəbul etməklə YAP-ın tarixi missiyasının ilk mərhələsi uğurla yerinə yetirilmiş oldu.
1992-ci ildə YAP-ın bünövrəsini qoymaqla, Ulu Öndər nəinki müstəqil dövlətin ideoloji əsaslarını yaratdı, eyni zamanda sosiuma hələ uzun illər xalqımızın dövlətçilik ənənələrinə uğurla xidmət edəcək azərbaycançılıq kimi bir dəyər qazandırdı. İrqindən, dinindən, millətindən asılı olamayaraq, hər bir Azərbaycan vətəndaşını dövlətimiz və vətənimiz naminə səfərbər edən bu ideologiya sadəcə ölkə daxilində deyil, dünyaya səpələnmiş bütün azərbaycanlılar üçün istinad mənbəyinə, xidmət stimuluna çevrildi. Bu uzaqgörən ideoloji prinsip təsadüfi deyil ki, daha sonra bütün dünyada tolerantlıq və multikulturalizm mərkəzi kimi tanınacaq ölkəmiz üçün əsas ideya leytmotivi oldu. Azərbaycançılıqla yanaşı, müstəqil dövlətçilik, qanunçuluq,varislik və yaradıcı təkamül, konstruktiv əməkdaşlıq və vətəndaş həmrəyliyi, habelə sosial ədalət prinsipləri üzvi vəhdət halında, bu gün də demokratik, dünyəvi dövlət qurmaq istiqamətində əsas oriyentirlər kimi çıxış edir.
YAP-ın keçdiyi tarixi yol keşməkeşli, lakin şərəflə arxada qoyduğu proseslər barədə çox yazılıb, kifayət qədər deyilib. Lakin, bəzi məqamlar var ki, tarixi həqiqətlər və obyektivlik naminə, onların üzərində bir daha durmaq zəruridir. Çünki partiya yarandığı dövrdən,dövlətçiliyə deyil, iqtidara qarşı müxalif mövqe tutaraq, ləyaqətli müxalifətçilik etməsinə baxmayaraq, o vaxtki hakimiyyət tərəfindən çox böyük təzyiqlərə məruz qaldı və bu gün demokrat kimi görsənməyə çalışanların əsl siması məhz o zaman üzə çıxdı. Belə ki, 1992-ci ilin oktyabrında “91- lərin” Heydər Əliyevə müraciəti yayıldıqdan sonra, AXC – Musavat cütlüyü Naxçıvanda çevriliş etmək fikrinə düşdü. Öz potensiallarını işğal altındakı Dağlıq Qarabağın azad olunmasına sərf etmək yerinə, onlar hətta, Naxçıvana quru yolla daxil olmaq üçün, Türkiyədəki bəzi dairələr ilə danışıqlar aparırdılar. Bütün bu uğursuz cəhdlərin əks - təsir göstərdiyini və YAP-a olan ümumxalq inamının daha da gücləndiyini görən o zamanın baş naziri Pənah Hüseyn diğər siyasi qurumları deyil, məhz YAP-ı ana müxalifət elan etmək məcburiyyətində qaldı.
Partiya hakimiyyətə gəldikdən sonra da, müəyyən dairələr ondan öz mənafeyi üçün istifadə etməyə cəhdlər göstərdi. Çünki, məlum həqiqətdir ki, bir siyasi qurum hakimiyyətdə olan zaman həm müxtəlif maraq daşıyıcıları, bəzi hallarda isə karyeristlər üçün də cəlbedici olur. Onlar partiyanın imkan və təsir gücündən faydalanmaq, daha sonra isə onu bölmək və ya onun bazası əsasında özünə partiya yaratmaq fikrinə düşdülər. Lalə Şövkət Hacıyeva, Rəsul Quliyev, 2001-ci ildən sonra isə Əli İnsanov və digərləri bu tip uğursuz cəhdlər göstərdilər. Lakin, tarix sübut etdi ki, bütün bu cəhdlər əbəsdir və yel qayadan heç nə aparmır.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra, ölkədə baş verən müsbət irəliləyişlər fonunda YAP-ın bir siyasi qurum kimi qarşısına qoyduğu vəzifələr də günün şərtləri çərçivəsində heç şübhəsiz dəyişməli idi. Bu baxımdan partiyanın 1999-cu ildə keçirilən I Qurultayı bir sıra əlamətdar hadisələrlə zəngin oldu. Belə ki, cənab İlham Əliyev partiyanın sədr müavini, 2001-ci ildə keçirilmiş II Qurultayda isə sədrin I müavini seçilməsi təşkilatın sıralarına böyük gənclik ordusunun axınına, onun tərkibinin kəmiyyət və keyfiyyət baxımından xeyli dəyişməsinə səbəb oldu. I Qurultayın gətirdiyi diğər struktur islahatı isə İcra Katibliyinin yaradılması ilə əlaqədardır. Partiyanın nizamnaməsinə görə, onun Mərkəzi Aparatına İdarə Heyətinin təsdiq etdiyi iş planına müvafiq şəkildə operativ rəhbərliyi həyata keçirən, yerli təşkilatların fəaliyyətini əlaqələndirən və nəzarət edən, peşəkar, daimi əsaslarla çalışan işçilərdən ibarət aparat formalaşdıran bu qurum qısa müddətdə özünü doğruldaraq, mühüm praktiki əhəmiyyət daşıdığını sübut etdi. Tezliklə partiyada ciddi maliyyə intizamı, dəqiq kargüzarlıq sistemi quruldu və rayon (şəhər) təşkilatlarında da uğurla tətbiq edildi. Ştat cədvəlinə uyğun olaraq, partiyanın rayon (şəhər) şöbələrində daimi əsaslarla işləyən aparatlar formalaşdırıldı. Partiyanın əhatə etmədiyi heç bir ərazi, yaşayış və seçki məntəqəsi qalmadı.
Prezident İlham Əliyevin 2005-ci ildə partiyanın Sədri seçilməsi ilə partiya yeni dövrün çağırışlarına cavab olaraq, adekvat şəkildə öz fəaliyyətini proqramlaşdırdı. Partiyanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm adımlar atıldı. Rayon (şəhər) təşkilatları üçün müasir tələblərə cavab verən yeni inzibati binalar tikilib istifadəyə verildi. Təşkilatların avtomobil, sürətli internet, kompüter və s. ilə təchizatı ən yüksək səviyyəyə qaldırıldı. Bütün bunlar tədbirlərin mütəşəkkilliyində, ardıcıllığında və rəngarəngliyində öz müsbət əksini tapdı. Partiya rəhbərliyinin səyləri nəticəsində Gənclər Birliyinin fəaliyyəti yeni mərhələyə qədəm qoydu, təşkilatın qərargahında gənclər üçün xüsusi ofis təsis edildi. Qadınlar Şurası yenidən təşkil olunaraq, fəaliyyət sahəsi genişləndirildi, humanitar layihələrə qadınların cəlb olunması əhəmiyyətli vüsət aldı. 2018-ci ildə YAP İcra katibliyi üçün müasir tələblərə cavab verən yeni qərargah tikilib istifadəyə verildi. Bu, işçilərin daha səmərəli fəaliyyəti üçün yeni imkanlar açdı. Lakin, partiya üzvlərinin fəaliyyətinə verilən ən yüksək qiymət ölkəmizdə bütün səviyyələrdə - bələdiyyə, parlament, prezident seçkilərində əldə olunan parlaq qələbələr olmuşdur.
Bu gün YAP-ın 735 minə yaxın üzvü var və partiyanın yuxarıda sadalanan uğurlarının təməlində hər bir üzvün gərgin əməyi, əzmkarlığı dayanır. Böyük intellektual potensiala malik partiyamızda üzvlərin 322 min nəfərə yaxını ali təhsilli, 3026 nəfəri fəlsəfə doktoru, 1488 nəfəri elimlər doktoru, onların da bir hissəsi akademikdir. Milli Məclis üzvlərinin 67 nəfərini YAP-ın təmsilçiləri təşkil edir və onlar ölkəmizdə dünya standartlarına uyğun, müasir hüquq dövlətinin tələblərinə cavab verən qanunvericilik prosesində fəal iştirak edirlər. Habelə, ölkədə seçilmiş bələdiyyə üzvlərinin mühüm əksəriyyəti, yəni 10 mindən artıq vətəndaşımız məhz, YAP-ın üzvləridir. Həmçinin respublikamızda fəaliyyət göstərən, rayon (şəhər) icra hakimiyyəti başçılarının 83–ü YAP-ın təmsilçiləridir.
YAP–ın hər bir üzvü möhrərəm prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar prosesində fəal şəkildə iştirak edir, eyni zamanda bilik və bacarıqları ilə ölkəmizin inkişafına öz töhfələrini verir. Quruculuq, abadlıq, yaşıllaşdırma və bir sıra humanitar aksiyalarda YAP-ın müvafiq strukturlarının hazırladığı layihələr əhəmiyyətli yer tutur. Hər bir YAP üzvü harada çalışmağından və hansı peşənin sahibi olmasından asılı olmayaraq, partiyamızın sədri cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətinin aktiv təbliğatçıları və təşviqatçılarıdır. Dövlət müstəqilliyimizin qorunması və ərazi bütövlüyümüzün təmin olunması YAP-ın vətənpərvərlik təbliğatının ən önəmli tərkib hissəsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə partiya üzvlərinin cənab Prezidentə ünvanladığı bütün müraciətlərin əsasında bir fikir yer alır ki, hər bir YAP üzvü, cənab Ali Baş Komandanın sadiq əsgəridir və hər an Vətən torpaqlarının müdafiəsinə hazırdır.
Ötən dövr ərzində partiyanın beynəlxalq əlaqələri xeyli genişlənmiş, Avropa Xalqları Partiyası (EPP) və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) ilə əməkdaşlıq hazırda da yüksələn xəttlə davam edir və təsadufi deyil ki, onların bir sıra tədbirləri ölkəmizdə keçirilmişdir. Avrasiya məkanında keçirilən bir sıra mötəbər forumlarda YAP-ın nümayəndələri təmsil olunaraq, Azərbaycan həqiqətlərini, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini dünyaya çatdırmışdır.
Bu sahədə xüsusilə, Azərbaycan Respublikasının I vitse– prezidenti, YAP Sədrinin müavini Mehriban xanım Əliyevanın geniş və hərtərəfli fəaliyyəti xüsusi olaraq qeyd olunmalıdır. Məhz onun rəhbərliyi ilə həyata keçirlən beynəlxalq humanitar layihələr Azərbaycanın dünyadakı imicinin formalaşdırılması baxımından misilsiz əhəmiyyətə malikdir. Habelə, sivil dünya birliyinə inteqrasiya, xalqın rihafı naminə elm, təhsil, mədəniyyət, səhiyyə sahəsində Mehriban xanımın rəhbərliyi altında həyata keçirilən aksiyalar, eyni zamanda Azərbaycanda dövlətin sosial siyasətinin mühüm və ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhid ailələrinə edilən yardımlar, milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan addımlar bu genişmiqyaslı fəaliyyətin yalnız bir hissəsidir.
Göründüyü kimi rəhbər–ideya–təşkilat triadasına söykənən, qısa müddətdə Qafqazın ən qüdrətli siyasi qurumu kimi formalaşan YAP nəzəriyyə və praktikanın uğurlu konsolidasiyasına nail olaraq, daxili və xarici düşmənlər üçün keçilməz səddə çevrilmişdir.
Lakin hazırda təəssüflər olsun ki, on illərdir partiya fəaliyyəti ilə bağlılığı demək olar ki kəsilmiş bəzi şəxslərin onun çoxminlik üzvləri haqqında xoşagəlməz fikirlər səsləndirməsi, hətta təhqirə yol verməsi qətiyyən yolverilməz hadisədir və hər bir kəsin ləyaqətinə toxunur. Kimin nə vaxtsa hansısa xidməti göstərməsi bu gün ona partiyanın yüz minlərlə üzvünü təhqir etmək imtiyazı vermir. Həm də maraqlısı odur ki, son dövrlər bəzi şəxslər özlərini cəmiyyətə gah “91-lər”in nümayəndəsi, gah da “partiyanın qurucularından” biri kimi təqdim edirlər. Bu kimilərinə bir daha xatırlatmaq lazımdır- YAP-ın bir tək banisi və yeganə qurucusu var və bu şəxs Ümummilli Lider Heydər Əliyevdir. Qalanları isə onun şəxsiyyəti və ideyaları işığına toplaşanlardır. Bəzilərinin bu müqəddəs yolu yarımçıq qoymasına, bəziləri öz şəxsi ambisiyalarına qurban gedib yarı yolda qalmasına rəğmən, bu yol əbədidir, daimidir və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin simasında layiqli rəhbərə malikdir. Bu partiya Vətəni, Milləti sevən, onun tərəqqisinə çalışan insanların birləşdiyi siyasi təşkilatdır və aydın məsələdir ki, kimsənin şəxsi mənafeyinə xidmət etmir.
Yekunda qürur hissi ilə qeyd etmək istərdim ki, kimlərinsə qərəzindən, subyektiv rəylərindən asılı olmayaraq, YAP Ulu Öndər tərəfindən əsası qoyulan şərəfli yol ilə gedir və uğur da onunla birgə addımlayır. Gələcək isə bu yolda inamla, səmimiyyətlə, sədaqətlə və cəsarətlə addımlayanlarındır.