Onunla Almaniyada Azərbaycan səfirliyinin təşkil etdiyi bir tədbirdə tanış olduq. Buna qədər Əşrəf Heybətov haqqında yalnız mətbuatdan məlumatlı idim. İlk dialoqda onun Azərbaycanı nə qədər sevdiyini, doğma yurduna nə qədər bağlı olduğunun şahidi oldum. Elə həmin tədbirdə yaxın günlərdə müsahibə etmək barədə razılığa gəldik. Söhbətimiz Əşrəf müəllimin Berlindəki rəssam emalatxanasında baş tutdu. Oxucularımız üçün Əşrəf Heybətov haqqında qısa arayış təqdim edim. 

Dünyanın bir çox ölkələrində Azərbaycan adına böyük sərgilər təşkil etmiş, YUNESKO Rəssamlar Federasiyanın, Almaniya Rəssamlar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvü, Azərbaycanın Xalq Rəssamı Əşrəf Heybətov 1951-ci ildə Bakı şəhərində anadan olub. Uzun müddət Rusiyada yaşayıb  və fəaliyyət göstərib. O, 1995-ci ildən Almaniyada yaşayır. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsindəki fəaliyyətinə görə, “Tərəqqi” medalı ilə təltif olunub.
Ə.Heybətovun əsərlərinin əsas mövzusu doğma Azərbaycanla bağlıdır. Elə evinin, emalatxanasının divarlarını da rənglərin ahəngi ilə qəlbindəki vətən sevgisini üzərinə köçürdüyü tablolar bəzəyir. Ona görə də söhbətə Azərbaycan mövzusundan başlayırıq. 

-Əşrəf müəllim, uzun zamandır Azərbaycandan uzaqda yaşayırsınız. Qərib diyardan vətən necə görünür?

-Harada Azərbaycanın adı var ora mənim üçün doğmadır. Hansı ölkədə yaşamağından asılı olmayaraq insanın qəlbində, ruhunda vətən sevgisinin olması vacibdir. Vətənpərlik insanın qanında, canında, ruhunda olmalıdır. Baxmayaraq ki, Almaniyada yaşayıram, ildə 2-3 dəfə Azərbaycana gedirəm. Bakıda olduğum zaman rayonlara dəvət edilirəm. Heydər Əliyev Mərkəzlərində mənim görüşlərim keçirilir. Azərbaycan, Bakı mənim ürəyimdədir. Vətənim, ölkəm mənim üçün hər zaman doğmadır. Berlində emalatxanamda işləyəndə hər zaman Azərbaycan musiqilərinə qulaq asıram, xüsusilə Bakı haqqında mahnıları çox sevirəm. Ələlxüsus  Eldar Mansurovun bəstələrini dinləyirəm. Mənim yaradıcılıq mövzumun əsas xəttini Azərbaycan təşkil edir. 2011-ci ilin oktyabr ayında Leyla xanım Əliyeva Moskvada Azərbaycan Mədəniyyət Mərkəzində  mənim “Bakı və bakılılar” adlı sərgimi açdı. Bu sərgi ilə bağlı yaxşı kataloq çap edildi. 

-Moskva və Berlin. Hər iki ölkədəki yaradıcılıq həyatınız arasında müqayisə aparsaq hansı Sizin üçün daha məhsuldar olub?-1979-cu ildə incəsənət Universitetini bitirəndən sonra Tahir Salahovun köməkliyi ilə Moskvaya getdim. O zaman burada Beynəlxalq Moda Mərkəzi qurulmuşdu. 1980-ci ildə Moskvada Olimpiadaya hazırlıq işləri gedirdi və mən də Zorab Çeratellinin briqadasına düşə bildim. Tahir Salahovun köməkliyi ilə o Moda Mərkəzini bədii dekorasiya və dizayn etməyim üçün mənə verdilər. İşin öhdəsindən uğurla gəldiyim üçün Moskva şəhər komitəsi tərəfindən “Komsomol” mükafatına layiq görüldüm. O vaxtdan Moskvada qalıb, yaşadım. Bilirsiniz ki, bu şəhər dünya mədəniyyətinin mərkəzlərindən biridir. Burada mədəni həyat çox aktivdir. İlk sərgim 1981-ci ildə dekabr ayında Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunda açılıb. 1991-ci ildə orada keçirilən növbəti sərgimdə cənab İlham Əliyev şəxsən iştirak edib. Daha sonra Bolqarstan Rəssamlıq Akademiyasından 2 dəfə dəvət almışam. Orada da sərgilərim keçirilib. Hər zaman sərgilərimdə səfirlər, diplomatlar iştirak ediblər. Sərgilərdə nümayiş etdirilən əsərlərimin əsas mövzusunu Azərbaycan folkloru, qədim Bakı, Abşeron, Dəniz, Türk dünyası təşkil edir. Hələ Moskvada yaşadığım illərdə Almaniyada sərgilərim olub. Deməli, bir məqamı diqqətinizə çatdırım. Almaniya Federativ Respublikasında 16 ərazi vahidi var. Burada 3 milyondan çox türk yaşadığı üçün hər ərazi vahidində Türkiyənin bir konsulluğu fəaliyyət göstərir. Həmin 16 konsuldan 8-i mənim “Türk dünyası” adlı sərgimi təşkil edib. 1995-ci ildə Almaniyaya köçmüşük. Buna qədər Frankfurtda, Düysburqda, Mains və Köln şəhərlərində sərgilərim təşkil edilib. Bilirsiniz ki, Almaniya ilə Azərbaycan arasında tarixi bir bağlılıq var. Ölkəmizdə vaxtilə Alman kaloniyaları olub.
Almaniya Avropanın mərkəzi olduğu üçün hər zaman mənim diqqətimi cəlb edib. Bundan başqa mən alman klassik musiqisini çox sevirəm. Vaqnerə, Baxa, Bethovenə tez-tez qulaq asıram. Bir sözlə burada mədəni həyat çox aktivdir. Elə oldu ki, Koblins şəhərini bəyəndik və burada qalmağa qərar verdik. 

-Rəssamlığın hansı janrı ruhunuza daha yaxındır?

-Hər rəssamın öz mövzusu var. Biri karikatura çəkir, digəri ancaq portret, başqa birisi mənim müəllimim Səttar Bəhlulzadə kimi  peysajistdir. Mən Moskvada monumentalist rəssam kimi ixtisaslaşmışam. Moskvada Rəssamlıq İttifaqının seksiyaları var. Mən monumental seksiyanın üzvüyəm. Ümumiiyyətlə universal rəssamam. Gördüyünüz kimi həm portret çəkirəm, həm mənzərə. Əsas yaradıclılıq mövzum isə doğma Azərbaycandır. 

-Müəlliminiz olaraq Səttar Bəhlulzadəni necə xatırlayırsınız?

-1966-cı ildən o rəhmətə gedən ilə kimi, yəni 1974-cü ilə qədər onun yanında olmuşam. Ondan çox şey öyrəndim. Ustadıma çox bağlı idim. Atam rəhmətə gedəndə o qədər ağlamamışdım. Səttarın dünyasını dəyişməsi məni çox sarsıtmışdı. Atam qədər onu istəyirdim. Tanışlığımızın maraqlı tarixçəsi var. İçərişəhərdə əslən iraqlı olan Səlim Adnan adlı yazıçı bir qonşumuz var idi. Bir gün zəng edib məni evinə dəvət etdi və dedi ki, axşam məni Səttar Bəhlulzadə ilə tanış edəcək. Elə sevinmişdim ki, gecəni yata bilmədim. O vaxtdan Səttarın yanına gedib gəlməyə başladım. 

-Qarabağ və Xocalı Soyqırımı mövzularında əsərləriniz var. Bu əsərlər sərgilərdə nümayiş etdirilən zaman dünya ictimaiyyətinin reaksiyası necə olur?

-Xocalı Faciəsi haqqında bir panno işləmişdim. Bu Almaniya jurnallarının birində dərc edilmişdi. Sonradan bu pannonu mən İstiqlal Muzeyinə bağışladım. Azərbaycan –Avropa Cəmiyyəti bu pannonu Alman jurnalında görəndən sonra məndən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda 3-4 əsər işləməyimi istəmişdilər. Təbii ki, imtina edə bilməzdim. Bu mövzuda 4 yox 25 əsər çəkdim. Sonradan təşkilat belə qərar verdi ki, Xocalı Soyqırımının 25 illiyində Almaniyada sərgi təşkil edilsin. Bu ölkə ictimaiyyətinin diqqətini cəlb edən bir sərgim keçirildi. Bundan başqa mənim Berlinin ən tanınmış rəsm qalereyalarından biri olan Şults Qalereyasında Qarabağ həqiqətləri ilə bağlı günlərlə əsərlərim nümayiş etdirilib. Xaricdə yaşayan hər bir azərbaycanlı öz sahəsində bu mövzu ilə bağlı beynəlxalq dəstək almaq üçün addımlar atmalıdır, iş aparmalıdır. 

-Azərbaycanımızı təmsil və təbliğ edən bir insan kimi xaricdəki diaspor təşkilatlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

-Təvazökarlıqdan uzaq olsun, mən Azərbaycan disporunun veteranıyam. Moskvada yaşayanda biz diaspora sözü işlətmirdik, birlik deyirdik. 1998-ci ildə yazıçı Çingiz Hüseynov, Yuli Qusman, Tofiq Məlikov, mən və başqa tanınmış insanlar Azərbaycan birliyi idik. Mən 1995-ci ildə Almaniyaya gələndə, burada azərbaycanlılar elə də çox deyildi və indiki kimi təşkilatlanmamışdıq. 2001-ci ildə Heydər Əliyevin məlum sərəncamı ilə Dünya Azərbaycanlılarının Qurultayı keçirildi və növbəti il, 2002-ci ildə “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalandı. Həmin illərdə burada təşkilatlar var idi. Ancaq fəaliyyətləri demək olar ki, fəaliyyət göstərmirdilər. İş elə gətirdi ki, o kəmiyyəti  keyfiyyətə çevirmək vacib bir məqsədə çevrildi. 
Son zamanlar həmyerlilərimizin bura gəlməsi, Almaniyada yaşamaqları çox yaxşı haldır. Ancaq bəziləri öz doğma vətənlərinə hansı şəkildə xidmət etməyin lazım olduğunu bildmirlər. Çingiz Aytmatov belə vətəni unudanları  manqurt adlandırırdı. Təəssüflər olsun ki, burada elələri də var. Almaniyaya azərbaycanlı gənclərin gəlməsi, burada təhsil alması çox yaxşıdır. Həmvətənlərimizin burada çox olması bizim üçün vacibdir. Çoxu bilmir ki, diaspora olaraq ölkənin müsbət imicini necə yaratmaq olar. Mən də razıyam ki, Azərbaycanda korrupsiya və işsizlik kimi problemlər var. Amma bütün bunları biz öz aramızda danışmalıyıq, müzakirə etməliyik. Onu dünyanın gözü qarşısında dilə gətirmək, danışmaq qətiyyən olmaz. Bəyəm, Almaniyada korrupsiya, işsizlik yoxdur? Yoxsa, bütün sahələrdə ədalət var? Bəlkə sualdan kənara çıxıram. Bir misal gətirim. Brüsseldə bir neçə dəfə olmuşam. Şəhərin mərkəzi çox gözəldir. Sanki cənnətdir. Ancaq kənara çıxanda kriminal rayonları görürsən. Orada elə kriminal rayonlar var ki, polis belə ora daxil olmaqda ehtiyat edir. Ancaq Azərbaycanda belə vəziyyətin şahidi olmuruq. Gecə saat 3-də də küçədə gəzirsən, heç bir problem yoxdur. Sualınızın cavabına gələk. Demək olmaz ki, hər şey yüksək səviyyədədir. Ancaq hər şeyin pis olduğunu da demək ədalətsizlik olar. Təbii ki, problemlər var. 
Misalçün, burada təşkilat var ki, ancaq kağız üzərində fəaliyyət göstərir. Almaniyada çoxlu sayda təşkilat mövcuddur, onun 3-4-nün normal fəaliyyəti var. Bu bizim mənfimizdir. Xaricdə olan diasporamızın əsas vəzifəsi həmin ölkələrdə Azərbaycanın müsbət imicini formalaşdırmaqdır. Mənim bir sənətkar, rəssam kimi missiyam öz səntimlə, sərgilərimlə Azərbaycanı təbliğ etməkdir. Bütün xalqı onun mədəniyyəti ilə tanıyırlar. 
Biz çalışmalıyıq ki, yaşadığımız ölkənin yüksək təbəqəsi də, orta təbəqəsi də Azərbaycanı müsbət tərəfdən tanısın. Biz bilirik ki, Qarabağ bizimdir, Azərbaycanın tarixi ərazisidir. Bunu yaşadığımız ölkənin ictimaiyyətinin bilməsi vacibdir. Bizim əsas vəzifəmiz də xarici ölkə ictimaiyyətini bu istiqamətdə məlumatlandırmaqdır. 

-Dediniz ki, ölkədə problemlər var. Hərdən ölkə ictimaiyyətində belə fikirlər səslənir ki, ziyalılar xalqın problemlərini dilə gətirmirlər, qabartmırlar. Bu fikirə münasibətiniz maraqlı olar oxucularımız üçün...

-Rusiyada ziyalılar hər zaman xalqın problemlərindən dolayı hökuməti tənqid edirlər. Ancaq hamısı yox. Bizdə də ziyalılar xalqın maraqlarından çıxış etməlidirlər. Prezidentə kömək etməlidirlər ki, xalqı narahat edən problemlər həllini tapsın. O bütün işlərlə özü məşğul ola bilməz, hər şeydən xəbəri olmaya bilər. Prezident qlobal siyasi problemlərlə məşğuldur. Hər kəs öz sahəsində problemləri qabartmalıdır. Teatr sahəsində çalışanlar onu sahnələşdirməli, ədəbiyyat adamları, yazıçılar, jurnalistlər bunu yazmalıdır və.s. 
Hesab edirəm ki, Mədəniyyət Nazirliyi məişət mədəniyyətinin təbliği ilə bağlı çox ciddi iş aparmalıdır. 
Düzdür, nazirlik müəyyən beynəlxalq festivallarda bizim mədəniyyətimizlə bağlı vacib məqamları, adət ənənələri nümayiş etdirir. Bakıda məişət mədəniyyəti ilə bağlı müəyyən problemlər var. Ölkəyə gələn turislərlə davranış istiqamətində iş aparılır, xaricdə yaxşı tərəflərimiz təbliğ edilir. Ancaq daxildə də bu məsələlərlə məşğul olmaq lazmdır. Bir sözlə, Nazirlik təbliğat işini gücləndirməlidir. Cəmiyyətin maariflənməsində, məişət mədəniyyətinin təbliğində televiziyaların üzərinə böyük məsuliyyət düşür. Ancaq təəssüflər olsun ki, bu gün televiziyalarda əxlaqi keyfiyyətlər aşılayan verilişlər yox, qeyri-əxlaqi, şou proqramları, qalmaqallar əsas yer tutur. Belə məsələlərə ciddi fikir verilməlidir. Mən Bakıda olan zaman ümumiyyətlə yerli televiziyalara baxmıram. Çünki diqqət, çəkən, insanların maariflənməsi baxımından əhəmiyyət kəsb edən nəisə məqamlar demək olar ki, yoxdur. 

-Dünyanın bir çox ölkələrində sərgiləriniz keçirilib. Təbii ki, bu hər bir rəssamın ən böyük arzusudur. Gerçəkləşməyən daha hansı arzularınız var?

-Ən böyük arzum odur ki, Qarabağ işğaldan azad olunsun və mən Şuşada böyük bir sərgi təşkil edim. Bir də xaricdəki bütün diasporamıza birlik arzulayıram. Arzu edirəm hər zaman yumruq kimi bir olub, ölkəmiz adına daha böyük işlər görsünlər. 


Həsən Babayev
Almaniyadan xüsusi olaraq Unikal.org üçün