Azərbaycanlıların soyqırımının 101-ci ildönümü ilə bağlı martın 31-də Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) professor-müəllim-tələbə və inzibati heyəti  Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Unikal.org xəbər verir ki, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.Ziyarətçilərə məlumat verilib ki, azərbaycanlılar son iki yüz il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər.

1918-ci ilin əvvəllərində Leninin himayəsi altında Şaumyan Bakı Kommunasının rəhbəri oldu. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılıb, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülüb.

Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilib, 167 kənd dağıdılıb ki, onlardan 35-i hazırda mövcud deyil. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır.Diqqətə çatdırılıb ki,yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.  Tarix heç zaman unudulmur, həm də yazılır. Erməni vəhşilikləri vətən tarixinin qanla yazılmış səhifəsi olsa da, Azərbaycan dövləti bütün problemlərin öhdəsindən uğurla gəlmək iqtidarındadır.