Milli Məclisin deputatı, Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov rayonun Ərəbocağı kəndində yaşayan seçicilərin nümayəndələri ilə görüşüb. 
Unikal.org xəbər
 verir ki, görüşü açan millət vəkili ölkədə hayata keçirilən uğurlu daxili və xarici siyasətə diqqət çəkərək bütün bunların nəticəsində Azərbaycanın müstəqil dövlət olaraq regionda lider dövlətə çevrilməsi haqqında söhbət açdı. Son 15 il ərzində Azərbaycanda görülən işlərdən və əldə olunan uğurlardan danışaraq bildirdi ki, dünya birliyinin layiqli üzvü olan müstəqil Azərbaycan bu gün ümummilli lider Heydər Əliyevin müdrik strategiyasını uğurla davam etdirən prezident  İlham Əliyevin düşünülmüş və zamanın çağırışlarına uyğun məqsədyönlü siyasəti nəticəsində iqtisadi keçid dövrünü başa vuraraq modern inkişaf yolunda inamla irəliləyir. Daha sonra ölkənin bütün bölgələrində olduğu kimi, Ağdaş rayonunda da geniş vüsət alan abadlıq-quruculuq işlərinə toxunan millət vəkili rayonda kənd yollarının yenidən qurulduğunu, məhz bu işlər nəticəsində Ərəbocağı kəndinə də yeni asfalt yolun çəkildiyini vurğuladı. Cavid Osmanov bütün bu işlərin ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi yorulmaz siyasətin bəhrəsi olduğunu bildirdi.
Görüş iştirakçıları ilə aparılan fikir mübadiləsi zamanı millət vəkili Azərbaycanın qazandığı uğurlardan narahatlıq keçirən dairələrin olduğuna da diqqət çəkərək qeyd etdi ki, Azərbaycanın  müstəqil ölkə olaraq davamlı inkişaf mərhələsi keçməsi həmin dairələri narahat edir. Buna görə də Azərbaycana qarşı qarayaxma kampaniyaları həyata keçirilir ki, bunlara daha çox sosial şəbəklərdə rast gəlinir. Bu kimi yaramazlıqlara qarşı zamanında cavab verməyin vacibliyini qeyd edən millət vəkili bu işdə gəncləri daha fəal olmağa səslədi.
Görüşdə çıxış edən kənd sakinləri Səməd Səmədov, Natiq Məmmədov, Mayıs Qarayev, Sevda Məmmədova, Zahir Abdullayev, Məsburə Məbudova, Zülfü Mahmudov, Tapdıq Sadıqov  millət vəkilinə onlarla görüşə gəldiyinə, maraqlı söhbətə görə minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, Azərbaycanın davamlı inkişafının hər bir vətəndaş gündəlik həyatında hiss edir və yaranan problemlər vaxtında dövlətimiz tərəfindən həll edilir. Görüş iştirakçıları vurğuladılar ki, cənab Prezidentimiz hər zaman xalqımızı düşünür və xalqımızın, ölkəmizin firavan gələcəyi üçün çalışır. Bunun üçün də ağdaşlılar hər zaman cənab İlham Əliyevin ətrafında sıx birləşiblər, cənab Prezidentimizin siyasətini ürəkdən dəstəkləyirlər və bundan sonra da bu siyasətə sadiq qalacaqlar.
Görüşün sonunda seçiciləri maraqlandıran suallara  millət vəkili Cavid Osmanov tərəfindən cavablar verildi, şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupu ilə fərdi söhbət edildi.