Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstana növbəti səfəri zamanı Marneuli və Dmanisi rayonlarında bir sıra mühüm  görüşlər keçirilib, tədbir və təqdimat mərasimləri olub.

Unikal.org xəbər verir ki, Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. 

Tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Azərbaycanın və Türkiyənin bu ölkədəki səfirləri Dursun Həsənov və Fatma Ceren Yazqan, Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Azər Süleymanov, Savalan Mirzəyev, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili və digər dövlət rəsmiləri, yerli ziyalılar, ictimai fəallar iştirak ediblər.

Dövlət Komitəsinin sədri F.Muradov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdıraraq, iki dövlət arasındakı dostluğun sarsılmaz olduğunu və münasibətlərin daha da möhkəmləndirildiyini bildirib.

F.Muradov xatırladıb ki, Marneulidə açılan inteqrasiya mərkəzi ilə bağlı təklifi ötən il yerli gənclər irəli sürmüşdülər: "Mərkəzin açılması olduqca vacib layihədir və ümid edirəm ki, bu məkan yerli azərbaycanlıları narahat edən bəzi məsələlərin həllinə dəstək olacaq”.

Ş.Rexviaşvili Marneulidə inteqrasiya mərkəzinin açılmasını mühüm hadisə adlandırıb və qeyd edib ki, Gürcüstan hökuməti azərbaycanlı vətəndaşların inteqrasiyasına böyük diqqət ayırır: “Gürcüstan və Azərbaycan xalqları tarixən dostluq və qardaşlıq şəraitində yaşayıblar. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri sabit inkişaf edir və Gürcüstan dövləti Azərbaycanla mövcud münasibətlərin möhkəmləndirilməsini dəstəkləyir”.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin icraçı direktoru Aygül İsayeva bildirib ki, “Mərkəzdə Azərbaycan, gürcü və ingilis dili, Azərbaycan və Gürcüstan tarixi tədris olunacaq, idman dərnəkləri fəaliyyət göstərəcək”.

Rəsmi açılış mərasimindən sonra qonaqlar GAİM-də yaradılmış şəraitlə tanış olublar. 

Tədbirdən sonra jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri F.Muradov bildirib ki, Azərbaycan gələcəkdə də Gürcüstanda inteqrasiya mərkəzlərinin fəaliyyətinə dəstək göstərəcək. O, qeyd edib ki, Marneulidə açılan Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzində artıq 300-ə yaxın gənc qeydiyyatdan keçib: “Mərkəzdə 9 istiqamət üzrə kurslar keçiriləcək. Gürcüstanın azərbaycanlı gəncləri bilikli və savadlı olsalar, ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynaya bilərlər”.

Dövlət Komitəsinin sədri deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar dövlətçiliyə sadiq, zəhmətkeş və vətənpərvərdirlər: “Azərbaycan və Gürcüstan birgə səylərlə Gürcüstan azərbaycanlılarının inteqrasiyası sahəsində böyük nəticələrə nail ola bilər.

Bununla yanaşı  Komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Dmanisidə də olub, bir sıra maraqlı görüşlər keçiriblər.

Heydər Əliyev Fondunun dəstəyilə inşa olunmuş "Dmanisi təhsil mərkəzi"nin fəaliyyəti ilə tanış olan Dövlət Komitəsinin sədri burada yerli icma nümayəndələri ilə görüşüb. Tədbirdə Dmanisi rayonunun  meri Giorgi Tatuaşvili, Kvemo Kartli qubernatorunun müavini Kaxa Koberidze, Dmanisi bələdiyyəsindən Gürcüstan Parlamentinin deputatı Kaxaber Okriaşvili, Dmanisi rayon merinin müavini Arif Suleymanov, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirliyinin şöbə müdiri Zviad Zviadadze, Xarici İşlər Nazirliyinin nümayəndəsi Tamar Tevdoradze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. 

Fuad Muradov bildirib ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri iki dövlət arasındakı münasibətlərin inkişafına təkan verib. 
Komitə sədri qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı ilə birgə əməkdaşlıq planları hazırlanır və gələcəkdə həmin layihələr həyata keçiriləcək.

F.Muradov rəhbərlik etdiyi qurumun son zamanlar gördüyü işlər barədə də ətraflı məlumat verib. O, qeyd edib ki, Gürcüstana əvvəlki səfəri zamanı burada yaşayan soydaşlarımızın təhsil və sosial sahələrdə olan problemlərilə tanış olub, hazırda onların həlli üçün lazım olan bütün addımlar atılır.

Komitə sədri bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar üçün Azərbaycanın ali məktəblərində xüsusi kvota ayrılacaq və kvota üzrə universitetlərə qəbul olunacaq tələbələr ödənişsiz təhsil alacaqlar: “Kvotanın ayrılması ilə bağlı Azərbaycan hökumətinə müraciət olunub və Nazirlər Kabineti bu məsələni dəstəkləyib”.
O, qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi olaraq “Azərbaycan dili və ədəbiyyatı” dərsliyi hazırlanır və dərsliyin yaxın zamanlarda təqdimatı keçiriləcək. Gürcüstan azərbaycanlıları bu dərslikdən istəsələr, onlar üçün də həmin dərsliklər göndəriləcək”.

F.Muradov  Assosiasiyaya H.Əliyev Fondunun hədiyyəsi olan 20 əlil arabasını  təqdim edib.