Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərracı mayın 7-də keçirəcək.
Komitədən Unikal.org-a verilən məlumata görə, budəfəki hərraca ümumilikdə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 26-sı kiçik dövlət müəssisə və obyekti, 16-sı qeyri-yaşayış sahəsi, 15-i nəqliyyat vasitəsi, 5-i isə yarımçıq tikilidir.
Dövlətə məxsus səhm paketləri hərraca çıxarılan səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Ağcabədi, Ucar, Tovuz və digər bölgələrdə yerləşən dövlət əmlaklarının özəlləşdiriləcək səhm paketləri ümumi səhmlərin 30-45%-ni təşkil edir.
Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 12,2 kv.m ilə 11,2 min kv.m arasındadır. Bu dövlət əmlakları paytaxtla yanaşı, Neftçala, Qazax, İmişli, Zaqatala kimi şəhər və rayonlarda yerləşir. Müəssisələr fəaliyyət istiqamətlərinə görə də müxtəlifdir. Belə ki, onlar arasında ticarət obyekti, yardımçı təsərrüfat, anbar, əmlak kompleksi və digər dövlət əmlakları var. Paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsindəki qeyri-yaşayış binasının ümumi faydalı sahəsi 87,4 kv.m-dir. İlkin hərrac qiyməti 11 250 manat olan bu obyekt müxtəlif xidmət sahələri üzrə investora gəlir qazandıra bilər.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən isə 7-si paytaxtda, 4-ü Sumqayıtda, 2-si Gəncədə, digərləri isə Bərdə, Daşkəsən və Ağdaşda yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 5,8 kv.m ilə 52,7 kv.m arasındadır. Qeyri-yaşayış sahələrindən biri Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsindədir. Obyektin ümumi faydalı sahəsi 47,9 kv.m-dir.
Nəqliyyat vasitələrinin hərracında iştirak etmək istəyən şəxslər buraxılış tarixi 1986-2008 olan “Fiat”, UAZ, GAZ və digər markalardan olan avtomobillər üzrə seçim edə bilər. Bu kateqoriyadan olan dövlət əmlaklarının ilkin hərrac qiyməti 2-7 min manat arasındadır.