Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində 26-cı telekommunikasiya, rabitə, təhlükəsizlik və informasiya texnologiyaları üzrə ixtisaslaşdırılmış beynəlxalq  “TİBO-2019” sərgi-forumunda iştirak edir.     

Unikal.org xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə dövlət qurumlarının və özəl şirkətlərin 15-ə yaxın təmsilçisi daxildir. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom”, “Baktelekom”,  Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, “AzInTelecom”, “Azərmarka”, Yüksək Texnologiyalar Parkının nümayəndələri sərgi-foruma qatılıblar.

Forumda 16 ölkədən 100 şirkətin nümayəndəsi iştirak edir.

Forumun açılış mərasimində Belarus Respublikasının Prezidenti  Aleksandr Lukaşenkonun adından salamlama məktubu oxunub. 

Daha sonra Belarusun rabitə və informasiyalaşdırma naziri Konstantin Şulqan ölkəsində İKT sahəsində həyata keçirilən işlərdən danışıb.

Açılış mərasimində Rusiya Federasiyasının rəqəmli inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskov, Regional Rabitə Birliyinin icraçı direktoru Nuriddin Muhiddinov və Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kirill Oparin də çıxış edib.

Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin adından oxunan məktubda qeyd olunub ki, milli sənaye sərgilərində qarşılıqlı olaraq iştirak etmək Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı dostluq münasibətlərinin, eləcə də ölkələrimizin sahə üzrə nazirliklərinin səmərəli biznes tərəfdaşlığının gerçək nümunəsidir.
“TİBO” beynəlxalq və dövlət qurumlarının nümayəndələri, aparıcı beynəlxalq şirkətlər, yüksək səviyyəli və çox profilli mütəxəssislər üçün illik görüş yeridir.  İnformasiya və ən yaxşı təcrübə mübadiləsi, yeni texnologiyaların, xüsusi həllərin təqdim edilməsi və işgüzar əlaqələrin qurulması bu tədbirin uğurlarıdır” – deyə məktubda vurğulanıb. 

Forum çərçivəsində Ümumdünya Radiorabitə Konfransına hazırlıq üzrə radiospektr sahəsində yol xəritəsi istiqamətində gedən müzakirələrdə Azərbaycan təmsilçiləri də iştirak edirlər. Seminarlarda gələcəkdə nəzərdə tutulmuş perspektiv texnoloji transformasiyanın ölkəmizdə inkişafına dəstək verilməsi üçün strateji hazırlıq məsələləri müzakirə olunub.
“TİBO-2019” sərgi-forumunda Azərbaycan Milli Pavilyonla təmsil olunur.  Pavilyonda ölkəmizin informasiya-kommunikasiya texnologiyaları (İKT)  sahəsində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir.

Qeyd edək ki, ölkəmiz artıq 7 ildir ki, bu sərgi-forumda Milli Pavilyonla iştirak edir və nümayəndə heyəti ilə təmsil olunur. 

26-cı dəfə təşkil olunan "TIBO-2019" ixtisaslaşmış sərgisi Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur.

Sərgiyə bu gün təşkil olunan VİP-tur çərçivəsində rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə tanış olublar. 
Sərgi öz işini aprelin 12-dək davam etdirəcək.