Bu gün problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısı hazır olacaq.
Daha öncə Unikal.org-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirildiyi kimi, bütün məlumatlar xüsusi portalda (pk.fimsa.az) dərc ediləcək.
Məlumatın toplanması ilə əlaqədar bəzi vətəndaşlar təzminatın məbləğini müəyyən edə bilmirdi. Bu gündən etibarən fiziki şəxslər təkcə təzminat barədə deyil, həmçinin onların kreditlərinin restrukturizasiyası barədə məlumat ala biləcəklər.
Problemli kreditlər barədə məlumatlar, müştərilərin kredit götürdüyü banklara ötürüləcək.
Bank sektorundan Unikal.org-un əldə etdiyi məlumata görə, təzminatlar vətəndaşlara 500 manata qədər nəğd, bundan artıq vəsaiti isə plastik karlar vasitəsilə veriləcək. Misal üçün vətəndaşa dollar kreditinə görə, 1000 manat pul veriləcəksə, banklar onun adına xüsusi kart açacaq. Bu plastik kart vasitəsilə onlar təzminatını əldə edə biləcəklər. Həmçinin kimin bank sistemində mövcud hesabları varsa, o hesablara avtomatik olaraq pul köçürüləcək.
Qeyd edək ki, istənilən vətəndaş devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi və kompensasiya ilə bağlı siyahı ilə, Maliyyə Bazarlarına Nəzarət Palatasının saytının "Problemli kredit məlumatlarının sorğulanması" bölməsində Şəxsiyyəti təsdiq edən sənəd, ad soyad və telefon nömrəsini yazıb məlumat əldə edə bilər.