Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “TransRussia-2019” 24-cü beynəlxalq nəqliyyat-loqistika və nəqliyyat texnoloqiyaları sərgisi işə başlayıb.
Unikal.org xəbər verir ki, aprelin 15-dən 17-dək davam edəcək sərgidə 27 ölkədən 395-dən çox şirkət müxtəlif nəqliyyat növləri ilə yüklərin daşınması, liman və terminallarda yüklərin idarə edilməsi, əndazəsiz yüklərin daşınması üzrə xidmətlərini təqdim edirlər.
Sərgidə ilk dəfə olaraq, Azərbaycan milli pavilyonu fəaliyyət göstərir. 120 kv/m sahədə qurulan pavilyonda “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının stendləri yerləşir. Hər üç şirkətin nümayəndələri sərgi iştirakçılarına ölkəmizin tranzit imkanları, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanları, Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanları və üstünlükləri barədə ətraflı məlumat veriblər. Azərbaycanın milli pavilyonu KİV nümayəndələrinin də diqqət mərkəzində olub. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov sərgini işıqlandıran mediya nümayəndələrinə müsahibə verib, onları maraqlandıran sualları cavablandırıb. Bildirilib ki, son illər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Nəqliyyat sahəsinin inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib.
Qeyd edək ki, sərginin ilk günündə ziyarətçilərin sayı 16 mini keçib. Azərbaycanı təmsil edən qurumların stendləri də xüsusi marağa səbəb olub. Stendlər həm vizual, həm də informasiya dolğunluğuna görə digərlərindən fərqlənir. Müşahidəçilər ötən illərlə müqayisədə istər sərgidə iştirak edən şirkətlərin, istərsə də ziyarətçilərin Azərbaycanın nəqliyyat sahəsinə marağının artdığını qeyd edirlər. Sərgi çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib. Konkret mövzular ətrafında fikir mübadiləsi aparılıb, işgüzar əlaqələrin qurulması barədə ilkin razılıq əldə edilib.
Dünın axşam isə sərgidə təmsil olunan şirkət nümayəndələrinin iştirakı ilə Qala gecə keçirilib. Azərbaycanın milli stendi “Ən yaxşı milli ekspozisiya” nominasiyası üzrə qalib elan edilib.