Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) aprelin 17-də işini başa çatdırıb.
Unikal.org xəbər verir ki, konfransın bağlanış mərasimində çıxış edən ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası (DEA) rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillon narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizədə beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın vacibliyini qeyd edib.
O bildirilib ki, bu mübarizənin bütün iştirakçıları uğur qazanmaq üçün yüksək əzmkarlıq və güclü həmrəylik nümayiş etdirməlidirlər.
O, Bakı konfransının yüksək səviyyədə təşkil olunduğunu və mühüm müzakirələrin aparıldığını vurğulayaraq qeyd edib ki, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar göndərildi.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bəşəriyyəti narahat edən başlıca problemlərdən olan
narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda səmərəli müzakirələrin aparıldığını bildirib. Səfər Mehdiyev vurğulayıb ki, bu gün dünyada qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi bu sahədə peşəkar olan mütəşəkkil qruplar tərəfindən həyata keçirildiyi üçün ona qarşı mübarizə olduqca çətindir.
Ona görə də aidiyyəti qurumlar və dövlətlər fəal informasiya və təcrübə mübadiləsi aparmalı, bu sahədə çalışan əməkdaşların peşəkarlığı artırılmalı, cəmiyyətdə geniş maarifləndirmə işi həyata keçirilməlidir.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov DEA təklifinin Azərbaycan dövləti tərəfindən dəstəklənməsi sayəsində tədbirin təşkil olunduğunu vurğulayıb: “Bu mühüm tədbirin təşkilində hər iki tərəfin rolu böyükdür. Hər iki tərəf çox yüksək hörmətə və nüfuza malikdir. Prezident İlham Əliyev bu tədbirin Bakıda keçirilməsinə dərhal razılıq verdi. Bu tədbirə böyük önəm verən Azərbaycan dövlətinin başçısı konfransın yüksək səviyyədə keçirilməsi üçün aidiyyəti qurumlara tapşırıqlarını verdi”.
Sonra tədbirin təşkilində iştirak edən könüllülərə bütün iştirakçılar adından minnətdarlıq ifadə olunub.
Daha sonra bu sahədə uğurlu fəaliyyətinə və konfransın yüksək səviyyədə təşkilində bilavasitə iştirakına görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə DEA-
nın adından təşəkkür plaketi təqdim olunub. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə öz növbəsində konfransın simvolik açarını ABŞ Ədliyyə
Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası (DEA) rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillona təqdim edib.
Beləliklə, Bakıda yüksək səviyyədə təşkil edilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işini başa çatdırıb.
Qeyd edək ki, “Qlobal tərəfdaşlıqların səfərbər edilməsi” mövzusuna həsr olunan üçgünlük konfransa dünyanın 115 ölkəsindən 432 nümayəndə qatılıb.