Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti aprelin 19-dan 23-dək Amerika Birləşmiş Ştatlarında səfərdə olub.

Unikal.org xəbər verir ki, nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov rəhbərlik edib.
Səfər ABŞ Dövlət Departamentınin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı üzrə təcrübə mübadiləsi və praktiki təlimlərin keçirilməsi məqsədilə təşkil olunub.
Dövlət Gömrük Komitəsinin 12 nəfərdən ibarət nümayəndə heyəti üçün praktiki təlimlər ABŞ-ın Nyu-York ştatının Con Kennedi adına Beynəlxalq Hava Limanında keçirilib.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı Azərbaycanda 1999-cu ildən icra olunur və bu layihə çərçivəsində Dövlət Gömrük Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub.
Proqram üzrə DGK əməkdaşlarına indiyədək gömrük işi sahəsində ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müxtəlif mövzularda beynəlxalq və milli təlimlər, eləcə də seminarlar təşkil edilib.