2012-ci ildə Gürcüstanda Saakaşvili seçkiləri uduzandan və indiki koalisiya hakimiyyətə gələndən sonra gizli intim videolarla bağlı maraqlı hadisələr baş verdi. Təzə komanda hakimiyyətə gələndə gördü ki, demək olar ki, ölkədə elə ictimai əhəmiyyətli adam qalmayıb ki, onun videosu olmasın. Daxili İşlər Nazirliyinin təkcə bir məlumatına görə, 26.000 qovluq (hər birində yəqin ki, yüzlərlə) videolar aşkarlandı. 

Yuxarıda qeyd olunanlar barədə yazan Azərbaycan Streteji Araşdırmalar Mərkəzinin eksperti Fuad Çıraqova görə, İvanişvili hakimiyyətinin ölkənin müxtəlif yerlərində köhnə hakimiyyət tərəfdarlarına qarşı keçirdiyi əməliyyatlar zamanı gizli saxlanma yerlərindən yüzlərlə video da çıxmışdı: "Hətta bir mənbə 3 milyonluq əhalisi olan ölkədə 5-6 milyonluq intim videorolik çəkildiyini israrla iddia edir, hansı ki, fiziki və praktiki olaraq mümkün görünmür. Sözün qısası, Mişa dövründə bu məsələ konveyer yoluna qoyulubmuş, hansı ki, müasir texnologiyalarla elə də çətin deyil". 
 
Ekspert bildirir ki, Saakaşvili hakimiyyətə gələndən sonra ölkənin təhlükəsizlik orqanlarında bir sıra mühüm islahatlar aparıb: "O, daxili işlər və təhlükəsizlik orqanlarını birləşdirdi. Bundan əlavə, bu orqanlarda rus agenturasının kökünü kəsmək üçün köhnə əməkdaşların 90%-i yenilənmişdi. Onun rus agenturasına qarşı güclü fobiyasının olmasını hamı bilir, özünün doğma babası vaxtilə NKVD generalı olub, yəqin ki, bildiyi nələrsə var. Bəzi ekspertlər qeyd edirlər ki, Saakaşvilinin təmizləmələrinə baxmayaraq, rus agenturası bu orqanlara uğurla yenidən infiltrasiya edə bilmişdilər. Ona görə də bu dövrdə çəkilən videoların bir nüsxəsi əgər öz arxivləri üçün idisə, böyük ehtimalla digər nüsxəsi başqa ölkə üçün idi. Bundan əlavə, bu dövrdə təhlükəsizlik orqanlarında bu videoları çəkən qrupun hədəfi təkcə müxalifət və potensial aktiv insanlar deyil, elə Saakaşvilinin yaxın ətrafı, bu işə rəhbərlik edən nazir Vano Merabişvili, Mişanın güc strukturlarında digər vuran əlləri olan Axalaya qardaşları və başqaları idi. Ən maraqlısı isə, 2012-ci il seçkiləri ərəfəsi məhz bu qrup tərəfindən Qldan türməsində məhbuslara işgəncə faktları çəkilərək ictimaiyyətə ötürülmüşdü və məhz bu dəhşətli video Saakaşvilinin səslərinin ən azı 10-15% itirməsinə və uduzmasına səbəb olmuşdu".

Unikal.org teleqraf.com-a istinadən bildirir ki, F.Çıraqov hesab edir ki, Gürcü Arzusu hakimiyyətə gələndən sonra bu videoları məhv etmək üçün xüsusi komissiya yaradılıb: "Açıqlamalar verildi ki, neçə minlərlə videolar məhv edildi. Amma görünür ki, bu cür faktlar heç bir zaman məhv olmur. Məhv edildiyi iddia edilən videolar xüsusilə builki seçki mübarizəsi zamanı müxtəlif qruplar tərəfindən fəal şəkildə istifadə edilməkdədir. Şübhəli ip-lərdən və Rusiya ərazisindən bu videolar ötən ildən başlayaraq yüklənməkdədir. Bu məsələyə hətta ölkə prezidenti və baş nazir qarşıraq bu cür şantajların yolverilməzliyi barədə bəyanatlar verdilər. Hətta ABŞ-dan FTB-nin dəvət edilərək araşdırılma aparılması da təklif edildi".

Ekspertə görə, bu cür videoların çəkilməsi hətta ən demokratik hesab edilən ölkələrdə adi praktikadır: "Məsələ bu videonun sonra hansı məqsədlərlə istifadə edilməsidir. ABŞ-da bu günə qədər xüsusilə 11 sentyabr terror aktından sonra insanların fərdi və konstitusion hüquq və azadlıqlarını məhdudlaşdıran "National Patriotic Act"a və digər kütləvi izləmə texnologiyalarına görə fərdlərin şəxsi həyatının toxunulmazlığını müdafiə edən, dövləti fərdin düşməni görən libertarian düşüncəli insanlarla dövlət arasında mübarizə getməkdədir. Sözün qısası, hər birinizin bir gün kino ulduzu olmaq şansı var" .