Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanovun Ağdaş rayonunda seçiciləri ilə keçirdiyi növbəti görüş rayonun Mürsəl kəndində baş tutdu. 

Unikal.org xəbər verir ki, görüşdə Cavid Osmanov əhatəli çıxış edərək son 15 il ərzində ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan söz açdı. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu  siyasətdən bəhs edən millət vəkili bildirdi ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır. Cavid Osmanov bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır. 

Görüş iştirakçıları ilə apardığı fikir mübadiləsi zamanı millət vəkili onu da qeyd etdi ki, hazırkı mərhələdə Azərbaycan öz milli inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyubdur. Bütün bunlar isə antiazərbaycançı mərkəzləri və erməni lobbisini ciddi şəkildə narahat edir. Komfort həyat üçün xaricə qaçaraq orada siyasi mühacir kimi özlərini qələmə verənlərin də bu işdə alətə çevrildiyini qeyd edən millət vəkili bu kimi anti-milli ünsrlərin cəmiyyətdə heç bir dayaqlarının olmadığını və onların xalq tərfindən sadəcə nifrətlə qarşılandığını bildirdi.

Görüşdə çıxış edənlər – Sədaqət Kərimova, Mübariz Əhmədzadə, Ağabala İbrahimov və Natiq Hacıyev bildirdilər ki, ölkəmiz durmadan inkişaf edir, insanların sosial rifahı ildən-ilə daha da yaxşlaşır. Sabitliyin, ictimai asayişin və əmin-amanlığın bərqərar olduğu bir ölkədə yaşamağın özünün böyük bir xoşbəxtlik olduğunu qeyd edən görüş iştirakçıları vurğuladılar ki, ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Prezidentimiz də bəyan edib ki, bu islahatlar davamlı olacaq. Biz hələ qarşıda  xalqın  yaxşı yaşamasını təmin edəcək daha ciddi islahatların  şahidi olacağıq. Bu isə təbii ki, ölkəmizi gözügötürməyən qüvvələri narahat emtəyə bilməz. Onların ölkəmizə qarşı həyata keçirdiyi çirkin əməllərin və bəd niyyətlərin isə heç biri  baş tutmayacaq.   Xalq onların bu niyyətlərinin arxasında nə durduğunu yaxşı bilir. Xalq xaosu deyil, sabitliyi seçir. Sabitliyi seçən xalq Prezident  İlham Əliyevin ətrafında sıx birləşib və onalrın bu çirkin əməlləri xalqı  liderinin ətrafında daha sıx birləşməyə sövq edir. Ağdaşlılar da hər zaman bu siyasətə dəstəkdirlər və bundan sonra da dəstək olacaqlar.

Sonda seçiciləri maraqlandıran suallara  millət vəkili Cavid Osmanov tərəfindən cavablar verildi, şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupu ilə fərdi söhbət edildi.