Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) köməkçi sahəsində bir müddət öncə sərnişinlərin ixtiyarına verilən Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb.
Unikal.org xəbər verir ki, tablolarda həm qovşaq daxilində olan istiqamətlər, həm də kompleks ərazisində yerləşən xidmət sahələri göstərilib. Sürücülər üçün Nəqliyyat Qovşağının, eləcə də BBAK-ın giriş-çıxış hissələrində qaydaları əks etdirən nişanlar yerləşdirilib.
Qeyd edək ki, bir müddət öncə Nəqliyyat Qovşağından istifadə edən sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə pulsuz araba xidməti istifadəyə verilib. Sərnişinlər heç bir məbləğ ödəmədən yüklərini bu arabalar vasitəsilə daşıya bilir.
Yaxın günlərdə həm BBAK-da, həm də Nəqliyyat Qovşağında saxlama kameraları sərnişinlərin ixtiyarına veriləcək.