"2019-2025-ci illər üzrə sosial xidmətlərin inkişafına dair milli strategiya hazırlanır".
Unikal.org xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, bu strategiya müvafiq qurumlarla razılaşdırılmaqdadır: "Bu çox önəmli proqram olacaq və növbəti 5-6 il ərzində zorakılığın aradan qaldırılması üçün mühüm addımlar ata biləcəyik. Yerli qanunvericilikdə yaxşı platforma yaradılıb. Lakin düşünürəm ki, beynəlxalq praktikada daha qabaqcıl təcrübəyə də baxmaq lazımdır. Bu əsasən, kişilərə və qadınlara əməyə görə bərarbər haqqın verilməsi, əmək və məşğulluq sahəsində ayrıseçkiliyin olmamasıdır. Bunları diqqət mərkəzində saxlamalıyıq".
Nazir müavini əlavə edib ki, ikinci istiqamət kimi institusiyonal fəaliyyət gücləndirilməlidir: "Hazırda Azərbaycanda 10 qeyri-dövlət mərkəzi akkreditə olunub. Onlardan 6-sı Bakıda, 3-ü Gəncədə, 1-i Sumqayıtdadır. Bu mərkəzlərdə 1200-ə yaxın şəxsə sosial xidmətlər göstərilir. Regionlarda da bu mərkəzlərin yaradılmasına ehtiyac var. Zorakılıq halları yalnız böyük şəhərlərdə deyil, regionlarda, ucqar kəndlərdə də baş verir".
A.Kərimov vurğulayıb ki, üçüncü istiqamət kimi qadınların ailələrdə sosial müdafiəsi gücləndirilməlidir: "Son zamanlar qadınlar biznes sahəsində fəallıq göstərirlər. Bunu nəzərə alaraq, onların biznes imkanlarına əlçatanlığı üçün şərait yaradılmalıdır".
O qeyd edib ki, 2019-cu ilin aprelin 1-ə olan məlumata əsasən ölkıdə 57 min ailəyə sosial yardım göstərilib. Onun 52-i faizi qadındır: “Beşdən çox uşağı olan 3 minə yaxın anaya sosial müavinət verilir. Azərbaycanda yaşa görə müavinət alanların 90%-ini qadınlar təşkil edir. Nazirlik 2019-cu ildə özünüməşğulluq proqramına qadınların daha çox qoşulmasına diqqət yetirəcək. Bu proqram çərçivəsində 52 min nəfər işlə təmin olunub. Onlardan 18 mini qadınlardır”.