Qərbi Kaspi Universiteti Fulbrayt proqramı çərçivəsində ABŞ-ın Cənubi Karolina Universiteti ilə əməkdaşlığa başlayır.
Unikal.org xəbər verir ki, tərəflər arasında razılaşmaya əsasən menecment sahəsi üzrə birgə tədris prosesi Qərbi Kaspi Universitetinin bazasında təşkil olunacaq və bu layihədə Qərbi Kaspi Universitetinin, eləcə də digər universitetlərin tələbələri və istənilən ali təhsilli şəxslər iştirak edə biləcəklər. Tədris proqramları 3 və 6 aylıq olmaqla davam edəcək və müvafiq istiqamətlər üzrə proqramı uğurla başa vuran şəxslərə Cənubi Karolina Universitetinin beynəlxalq səviyyədə tanınan Kvalifikasiya diplomu təqdim olunacaq.
Tədris proqramı əsasən Turizm menecmenti, otel idarəçiliyi, iaşə obyektlərinin idarə olunması, nəqliyyat xidmətlərinin göstərilməsi, onlayn ticarət, eləcə də İT və marketinq sahələrini əhatə edəcək.
Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır və cari ilin oktyabr ayında Cənubi Karolina Universitetinin Xidmət Menecmenti Mərkəzinin rəhbəri, professor Mark Rosenbaumun Bakıya səfəri və Qərbi Kaspi Universitetində müvafiq mərkəzin açılışı gözlənilir.