Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinə Yeni Yasamal-1 yaşayış sahəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq araşdırmalar aparılıb. Ev sahibi 210 manat pulunun və 30.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törədən 2 nəfər qısa müddətdə müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətə görə dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Nahid Soltanov və Bakı şəhər sakini Elvin Abbaslı 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.