Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərin növbəti qəbulunu keçirib.
Unikal.org xəbər verir ki, prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də vətəndaşların öz müraciət hüquqlarını mövcud qanunvericilik əsasında sərbəst və rahat həyata keçirməsi üçün zəruri şərait yaradılıb.
Dövlət Komitəsində bu gün keçirilən qəbulda 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Müraciətlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub.
Məcburi köçkünlərə bir daha bildirilib ki, onların problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərdəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və bu proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillə birinci növbədə təmin edilməsi barədə tapşırığı icra olunur.
Qəbula gələn vətəndaşların qaldırdıqları məsələlər diqqətlə araşdırılacaq və mövcud qanunvericilik çərçivəsində həll ediləcəkdir.