İyunun 29-da Ümumdünya Gömrük Təşkilatının Brüsseldə keçirilən Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyaları başa çatıb.
Unikal.org xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Sessiyaların sonuncu günündə imzalama və sənədlərin depozitə verilmə mərasimləri baş tutub, Maliyyə Komitəsinin büdcə və maliyyə məsələləri üzrə hesabatı dinlənilib.
Həmçinin, Potensialın Gücləndirilməsi üzrə direktor, Nəzarət və Asanlaşdırma üzrə direktor, Şura sədrinin müavinləri, Siyasi Komissiyanın və Maliyyə Komitəsinin üzvləri, sədri və sədr müavini, Audit Komitəsinin üzvləri, sədri və sədr müavini, Şura sədri vəzifələrinə seçilmiş namizədlər təsdiqlənib.
Azərbaycanın DGK-sının Avropa Regionuna rəhbərliyi rəsmən təsdiqlənib. Eyni zamanda, Amerika Regionuna Dominikanın, Asiya-Sakit Okeanı Regionuna Hindistanın, Yaxın Şərq və Şimali Afrika Regionuna Bəhreynin, Şərqi və Cənubi Afrika Regionuna Botsvananın, Qərbi və Mərkəzi Afrika Regionuna Qvineyanın sədrliyi təsdiq edilib.
Avropa regionu üzrə Sədr müavini qismində Azərbaycan həm Şuranın, həm də Siyasi Komissiyanın sessiyalarında artıq regionun adından çıxış edərək, Avropa regionu gömrük xidmətlərinin maraqlarını qoruyacaq.
Qeyd edək ki, ÜGT Avropa Regionu özündə 52 ölkə və Avropa İttifaqı olmaqla, toplam 53 üzvü birləşdirən ən böyük regiondur.