Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Unikal.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəminin hökmü ilə həmin şəxslərə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsinə bəraət verilib. Digər maddələrlə müddət keçdiyinə görə onlara cəza təyin edilməyib.

Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib.

İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib. Dəyən zərər isə ümumilikdə 6.5 milyon manatdır.

İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil veriləcək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.