Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində növbəti uğura imza atıb. 

Unikal.org xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, Strateji Yol Xəritəsində nəzərdə tutulan bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəfinin icrası çərçivəsində məsafədən bank hesablarının açılması proseduru müəyyən edilib. Palatanın “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nı təsdiq etməsi nəticəsində müəyyən edilən bu prosedur bank sistemində rəqəmsallaşma sahəsində innovativ həllərin daha geniş formada tətbiq edilməsinə, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsinə müsbət təsir göstərəcəkdir. Yeni prosedura əsasən rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər bank hesablarının məsafədən açılması imkanı əldə edir. Bank hesablarının məsafədən açılması zamanı açılacaq hesabın növündən və bu hesab üzərindən həyata keçiriləcək ödəniş əməliyyatlarının məbləğindən asılı olaraq müxtəlif yanaşmalar müəyyən edilmişdir. Məsafədən bank hesabları gücləndirilmiş elektron imza, video görüntü, müvafiq informasiya resursunda autentifikasiya kimi üsullardan istifadə edilməklə açıla bilər.

Bununla əlaqədar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, bank ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə bank hesablarının məsafədən açılması prosedurunun təqdimatı keçirilib, bu proses, atılacaq addımlar və nəzərə alınacaq məsələlər müzakirə edilib, suallar cavablandırılıb və bu sahədə yeni həllərin tətbiqinə toxunulub.