İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsindəki "Rəhimə Xanım" məscid-ziyarətgah kompleksi ilə tanış olub.
Kompleksin rəisi Hacı Ədalət dövlətimizin başçısını salamlayaraq dedi: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Salam. Xoş gördük. Necəsiniz?
Hacı Ədalət: Sağ olun. Siz necəsiniz?
Prezident İlham Əliyev: Yaxşıyam. Sağ olun.
Hacı Ədalət: Gələn qədəmləriniz mübarək olsun. Bu əziz bayramda bizi yad etmisiniz. Xoş gəlib, səfa gətirmisiniz.
Prezident İlham Əliyev: Bəli, mən xüsusi olaraq bu mübarək ayda gəlmişəm.
Hacı Ədalət: Siz buraya əvvəl də gəlmisiniz, hədiyyəniz də var.
Prezident İlham Əliyev: Bəli, olub. Yadınızdadır?
Hacı Ədalət: Bəli. Siz buraya iki hədiyyə vermisiniz. Onlardan biri pansionatdır.
Prezident İlham Əliyev: Bəli, pansionatı vermişəm, düzdür.
Hacı Ədalət: Buraya bir dənə də çilçıraq hədiyyə etmisiniz. Allah Sizə cansağlığı versin.
Prezident İlham Əliyev: O vaxt burada ağsaqqallarla görüşmüşdüm. O görüşdə Siz də iştirak edirdiniz?
Hacı Ədalət: Bəli, Siz pansionatın sənədlərini şəxsən mənə verdiniz. Çox sağ olun, Allah Sizə cansağlığı versin.
Prezident İlham Əliyev: Çox sağ olun.
"Rəhimə Xanım" məscid-ziyarətgah kompleksi Azərbaycanın ən qədim dini məbədlərindən biridir. VIII əsrdə inşa olunan bu ziyarətgah əhali və dövlət tərəfindən bu günədək qorunub saxlanılıb.
Qeyd edək ki, 1994-cü ildə ulu öndər Heydər Əliyev bu müqəddəs məkanı ziyarət edib.
Azərbaycan Prezidentinin dini və tarixi abidələrə qayğıkeş münasibəti burada da hiss olunur. Prezident İlham Əliyev 1998-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışarkən bu ziyarətgahda olub. Dövlətimizin başçısının həmin vaxt bu müqəddəs məkan üçün 10 hektar torpaq sahəsinin ayrılması barədə qaldırdığı təşəbbüs nəticəsində ziyarətgahın ərazisi xeyli genişlənib. Prezident İlham Əliyev, həmçinin 2004-cü ildə bu dini kompleksə hədiyyələr təqdim edib.
"Rəhimə Xanım" məscid-ziyarətgah kompleksi ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.
(azertag.az)