“Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”nın keçmiş redaktoru Jalə Əsgərova şirkəti məhkəməyə verib.
Unikal.org E-huquq.az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsinə müraciət edən J.Əsgərova əmək kitabçasında qeydlərin edilməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddianı təmin etməyib.
Qərardan narazı qalan keçmiş redaktor apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.
Qeyd edək ki, 2017-ci ilin əvvəlində ATV telekanalının redaktoru J.Əsgərova Qafqaz Universitetinin tələbələrinin, guya Odlar Yurdu Universitetinə keçmək istəməsi ilə bağlı hazırlanan sujetə görə işdən azad edilib.
Tələbələr isə onların fikirlərinin təhrif olunduğunu və konteksdən çıxarıldığını bildiriblər.
Telekanalın yaydığı məlumata əsasən, araşdırma nəticəsində belə bir halın olduğunu aşkarlayıb: "Yanlış və təhrif edilmiş informasiyanın istehsalını, yayılmasını prinsipial olaraq qebuledilməz hesab etdiyimiz üçün uyğun tədbirlər gördük. İctimaiyyətə bəyan edirik ki, sözügedən süjetin hazırlanmasında və efirə getməsində birbaşa məsuliyyət daşıyan redaktor barəsində tədbir görülüb. Belə ki, növbətçi redaktora şiddətli töhmət verilib və son xəbərdarlıq edilib, redaktor Jalə Əsgərova isə məsuliyyətsizliyi nəticəsində buraxdığı məlum nöqsana görə işdən azad edilib".