Cənubi Qafqaz regionunda, o cümlədən ölkəmizdə ən böyük istilik elektrik stansiyası sayılan "Azərbaycan" İES ötən ili uğurla yekunlaşdırdığı kimi, cari ilin I rübünü də diqqətəlayiq texniki-iqtisadi göstəricilərlə başa çatdırıb.
"Azərenerji" ASC-nin Mətbuat xidmətindən Unikal.org-a daxil olan məlumata görə, cari ilin may ayında 429,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Həmişə olduğu kimi cari ildə də əzmkarlıqla çalışdıqlarını vurğulayan mənbə bildirdi ki, 2016-cı ilin ötən 5 ayı ərzində stansiyada 2 milyard 379,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalında yüksək texniki göstəricilərə nail olunmuşdur.
Mənbədən onu da bildirdilər ki, respublika enerji sisteminin bütün sahələrində olduğu kimi "Azərbaycan" İES-in də normal fəaliyyətini davam etdirməsi üçün tərtib edilmiş təmir qrafikinə uyğun olaraq, son üç ay ərzində su-buxar itkilərinin azaldılması istiqamətində iş aparılmış, qazan qurğularında yaranan qüsurlar aradan qaldırılmış, zədəli hissələr dəyişdirilmişdir. Eyni zamanda ötən ilin noyabr ayında bölgədə baş vermiş zəlzələ nəticəsində maşın zalının binasının çatlamış panellərinin bərpası işləri davam etdirilərək, 6 saylı enerji blokunun ərazisində olan çatlar və digər qüsurlar aradan qaldırılmış və enerji bloku ehtiyata verilmişdir. Bütün bunlarla yanaşı 3 saylı enerji blokunda orta təmir işləri yerinə yetirilmiş və 4 saylı enerji blokunda isə əsaslı təmir işləri aparılır. Bundan əlavə köməkçi istehsalat sahələrində avadanlıq, bina və qurğularda təmir-profilaktika işləri də aparılmışdır.
Yeri gəlmişkən, stansiyada mazut yanacağından istifadə edildiyindən istismar qaydalarına uyğun olaraq, bu rejimdə qazan qurğularının köməkçi avadanlıqlarının təmizliyinə qoyulan əlavə tələblər onların istismarında çətinlik yaratmasına baxmayaraq işlər işçi heyəti tərəfindən uğurla davam etdirilir.
Sonda onu da qeyd edək ki, burada da yanğına qarşı təhlükəsizlik tədbirləri daim diqqət mərkəzindədir. Bununla bağlı stansiyadaxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar aradan qaldırılır. Eyni zamanda yanğına qarşı əks-qəza məşqləri də keçirilir.